Sentyabr ayında təbii qazın qiymətində yeni rekord qeydə alındı. Ayın əvvəlində Avropada mavi yanacağın hər 1000 kubmetrinin qiyməti 970 ABŞ dollarına çataraq tarixi rekord vurdu. Son həftə ərzində Avropada qaz 5 faiz bahalaşaraq 1000 kubmetr üçün 900 ABŞ dolları həddinə yaxınlaşdı.
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 040 ABŞ dolları həddini ötüb.
Analoji tendensiya Niderlandın Niderlandın "Title Transfer Facility"də (TTF) habında da qeydə alınıb. Sentyabrın son həftəsində təbii qazın 1 000 kubmetrinin qiyməti 1050 dolları keçib.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Teleqraf.com-a bildirib ki, yanvarın 1-dən 28-nə qədər Avropada təbii qazın qiyməti 4,23 dəfə artmışdı: “Yəni bahalaşma tendensiyası ilin əvvəlindən start götürmüşdü. Qazın qiymətində artım iyun ayının 24-də də müşahidə olunurdu. O zamankı qiymət 400 dollar həddini keçmişdi. İyulun 29-da artıq mavi yanacağın 1000 kubmetri 505 dollara satılırdı. Sonrakı aylarda da artım tendensiyası davam etdi. Sentyabrın əvvəlində qiymətlər 800-900 dollar rekordunu təzələməsilə yadda qaldı”.
Təhlilçinin müşahidələrinə görə, son 4 ayda təbii qazın qiymətində ajiotajlı artım davam edir: “Qiymətlərin sonrakı aylarda artması istilik mövsümünün may ayına kimi uzanması ilə bağlı olub. Yəni qış mövsümü mart ayının birinci yarısında yox, may ayına qədər davam edib. Adətən qış mövsümündən yeraltı qaz anbarlarında 30 faizə qədər təbii qaz ehtiyatı saxlanılır. Ancaq bu mövsüm ölkələr üzrə yeraltı qaz anbarlarında 12-15 faizə qədər təbii qaz ehtiyatı qalmışdı.
Yayın qızmar keçməsi səbəbindən yeraltı təbii qaz anbarlarında kifayət qədər tədarük görmək mümkün olmadı. Sentyabrın sonunda Avropa üzrə yeraltı qaz anbarlarında tədarük layihə gücünün 80 faizindən aşağı olmurdu. Bəzi ölkələr üzrə bu göstərici 70 faiz, ən yaxşı göstəricilərə malik ölkələr üzrə 76 faizə çatdı. Belə nəticələr birjalarda daim qırmızı xəbərlərin çoxalmasına gətirib çıxardı. Bu da qiymətlərin xeyli yüksəlməsi ilə nəticələndi. Həmçinin payız mövsümü Avropada tez gəldi. Artıq sentyabrın 23-dən bəzi ölkələrdə istilik mövsümünə start verilib”.
İlham Şabanın sözlərinə görə, son 6 həftədə alternativ energetikadan alınan enerji minimuma düşüb: “Bu da əsasən Mərkəzi və Cənubi Avropada tamamilə küləksiz hava şəraitinin keçməsi ilə bağlıdır. Bu kimi klimatik faktorlar bu proseslərə təsir edir. Yəni enerji bazarlarında siyasət minimumdur, nə varsa, Allahın əlindədir”.
Analitik Gömrük Komitəsinin rəsmi məlumatına istinadən edərək qeyd edib ki, Azərbaycanın neft hasilatı aşağı düşüb: “Amma buna baxmayaraq, neftin gəlirliliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artıb. Bu, qiymət faktoruna birbaşa təsir edir.
Təbii qazın statistikasına isə toxunmaq istəmirəm. Çünki mövcud həcmi göstərilən qiymətə böləndə reallığı əks etdirmir. Amma istənilən halda qlobal bazarlarda qiymətin yüksəlməsi hasilatçılar üçün yaxşıdır”.
Ekspert enerji bazarinda yaranan mövcud dalğalanmanı belə izah edir: “Ötən il dünya iqtisadiyyatı və enerjiyə olan tələbat hədsiz dərəcədə çökdü. Hazırda bazarların bərpa prosesi gedir. Nəticədə belə bir ajiotaj yaranıb. Qənaətimcə, 2019-cu il səviyyəsinə 2023-ci ildə çatmağı proqnozlaşdırmaq olar”.