4 Oktyabr 2021 16:55
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sənaye Parkının perspektivlərini Teleqraf.com-a şərh edib.

Deputat qeyd edib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra sənaye potensialının reallaşması və xüsusən həmin ərazilərdə sənaye parklarının yaradılması prioritet məsələlərdən hesab olunurdu: “Cəbrayılda yeni sənaye parkının yaradılması rayonun da iştirak etdiyi Şərqi Zəngəzur iqtisadi rayonunun kommunikasiya və eləcə də tranzit imkanlarının artması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərqi Zəngəzur və bütövlükdə Azərbaycanın qərb hissəsi Naxçıvan Muxtar Respublikası ilə quru yolu vasitəsilə birləşmək imkanı qazanacaq. Digər tərəfdən, Xudafərində gömrük keçid məntəqəsinin fəaliyyətə başlayacağı gözlənilir. Bu da həmin ərazilərdə istehsal edilən məhsullar üçün yeni ixrac imkanları deməkdir”.

Vüqar Bayramovun sözlərinə görə, Cəbrayıl və Şərqi Zəngəzur iqtisadi rayonuna üzv olan rayonların təbii ehtiyatları kifayət qədər böyükdür: “Bu da sənaye məhsullarının istehsalı üçün geniş imkanlar yaradır. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın bərpa prosesinin bir elementidir. Həmin ərazilərin iqtisadi inkişafı üçün yeni stimullar yaratmaqla bölgədə istehsal edilən məhsulların daha geniş bazarlara ixrac imkanlarının formalaşmasına imkan verəcək”.


Müəllif: Yeganə Oqtayqızı