5 Oktyabr 2021 10:23
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən axşam sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib. “NetBlocks” şirkətinin hesablamalarına görə, “Facebook”, “Instagram”, “Twitter”, “WhatsApp” və “Messenger”in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon xərc demək idi”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, “NetBlocks” şirkətinin Dünya Bank, ITU, Eurostat və ABŞ statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmasa, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər. Sadəcə “Facebook”un 1 gün çalışmaması dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər.

Qeyd edək ki, “NetBlocks” şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatlarının ölçüsü əsas meyar kimi götürülür.

Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan “Facebook” şirkətinin səhmləri 5 faizə yaxın ucuzlaşaraq hazırda 326 dollara təklif olunur”.


Müəllif: Yeganə Oqtayqızı