6 Oktyabr 2021 10:52
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Qeyd edək ki, oktyabrın 5-nə qədər Azərbaycan sözügedən istiqamətdə uçuşları İran hava məkanından istifadə etməklə həyata keçirirdi. Dünəndən İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyduğunu çatdırıb.

İqtisadçı Rəşad Həsənov mövcud vəziyyəti Teleqraf.com-a şərh edib.

O bunun müsbətə doğru addım olduğunu bildirib: “Son addım faktiki olaraq iki ölkə arasında dar çərçivədə də olsa, müzakirələrin getdiyi anlamına gəlir. Xatırlatmaq lazımdır ki, bir neçə həftə əvvəl Türkiyə də Ermənistana öz hava məkanından istifadə ilə bağlı icazə vermişdi. Böyük ehtimalla bu proses hazırkı çərçivədə dördlü müzakirələr formatında aparılır. Rusiya, Azərbaycan, Türkiyə də bu məsələlərə qatılır.

Hesab edirəm ki, bu, yaxın gələcəkdə kommunikasiya imkanlarının dərinləşdirilməsi və digər nəqliyyat dəhlizlərinin də açılmasına bir işarə sayıla bilər. Təbii ki, bu formatda müəyyən mürəkkəb məsələlər də var. Amma buna paralel olaraq istənilən halda hadisəni müsbət qiymətləndirmək olar”.

Analitik qeyd edib ki, İran hələlik Naxçıvana hərbi yüklərin daşınmasına məhdudiyyət tətbiq edib: “Proseslər arzuolunmaz istiqamətdə davam edir. Böyük ehtimalla gələcəkdə hansısa formada sivil daşımaçılığıa da problem yarada bilər. Bu, ilk növbədə Azərbaycan və Naxçıvan arasında alternativ sərnişin və yükdaşıma imkanlarının genişlənməsinə gətirib çıxaracaq.

Böyük ehtimalla indiki halda Ermənistan hərbi yüklərin Naxçıvana daşınması üçün öz hava məkanından istifadəyə icazə verməyəcək. İstənilən halda bu, iki ölkə arasında müəyyən bir formatda və çərçivədə müzakirələrin irəliləməsinə işarə hesab edilə bilər. Ermənistan hökumətinin son açıqlamaları da bu istiqamətdə müsbətə doğru dəyişikliklərlə müşahidə olunur.

Artıq 44 günlük Vətən müharibəsindən sonra regionda dəyişən reallıqları, yeni çağırışları dərk etməyə başlayıblar. Qənaətimcə, Ermənistan cəmiyyətinin də proseslərə hazırlanması istiqamətində iş gedir və yaxın gələcəkdə digər nəqliyyat vasitələrinin də istifadəsi üçün əlverişli imkanlar yaranacaq”.


Müəllif: Yeganə Oqtayqızı