6 Oktyabr 2021 22:04
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan–İran ticarət dövriyyəsi 2021-ci ilin ilk 8 ayında 255 milyon 350 min dollar olub. Azərbaycan İrana bu müddət ərzində 19 milyon 235 min dollarlıq mal ixrac edib ki, bu da ümumi ixracımızın 0,15%-i təşkil edir, İran isə ölkəmizə bu dövrdə 236 milyon 775 min dollarlıq mal satıb, bu da Azərbaycanın idxalının 3,22%-i təşkil edir. Rəqəmlərdən də göründüyü kimi, İran bizə daha çox mal-məhsul satır, Azərbaycan ərazisindən tranzit kimi istifadə edərək başqa ölkələrə də (əsasən Rusiyaya) mal-məhsul ixrac edərək pul qazanır. Məntiqlə İran Azərbaycanla münasibətlərin daha yaxşı olmasında maraqlı olmalıdır ki, daha çox qazansın”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Analitik İran-Ermənistan ticarət əlaqələrinə də nəzər salıb: “Bu ilin ilk 8 ayında ölkələr arasında ticarət dövriyyəsi 297 milyon 800 min dollar təşkil edib. Yanvar-avqust ayında ticari əlaqələr 2020-ci ilin eyni dövrünə nisbətən 15% artıb. Deməli, 44 günlük hərbi qələbə ilə başa çatan müharibədən sonra İran Ermənistanla daha sıx iqtisadi əlaqələr qurmağa başlayıb. Ermənistanın İrana ixracı cəmi 40 milyon 700 min dollar təşkil edib, İranın ixracı isə 257 milyon 100 min dollar təşkil edib. İran Ermənistanın Rusiya və Çindən sonra üçüncü ən böyük ticarət tərəfdaşıdır.

Göründüyü kimi, İranın hər iki ölkə ilə ticarət dövriyyəsi aşağı-yuxarı eynidir. Deməli, məntiqlə İran ticarətə görə tərəf tutmazdı, belə çıxır ki, İranın davranışında geosiyasi amillər və siyasi məsələlər daha çox rol oynayır”.

Natiq Cəfərli deyir ki, cəmiyyətin İrana münasibəti birmənalı deyil: “Belə münasibət anlaşılandır. Azərbaycanın müstəqilliyindən üzü bəri İranın davranışları suallar doğurur. Amma İran bizim qonşumuz, tarixi, mədəni əlaqələrimiz olan ölkədir. İranla gərginliyin artması indiki dövrdə bizim dövlət maraqlarımıza uyğun deyil. Hərbi qələbə qazanmış, torpaqlarımızın böyük bir hissəsini düşməndən azad etmiş, 127 km. İranla, 400 km.-dən çox Ermənistanla yeni sərhəd xətti yaranmış ölkənin indi əsas məqsədi möhkəmlənmək, sərhədlərini qalaya çevirmək, hərbi qələbəni diplomatik uğura aparmaqdır.

Buna görə də gərginliyin azaldılması yolları tapılmalıdır, amma bu o anlama gəlmir ki, Azərbaycan dövlətinin və cəmiyyətinin İrana olan sualları yoxdur. Var, səslənməlidir də, sadəcə bu gərginliyin artırılması yolu ilə deyil, diplomatik kanallarla, danışıqlar yollu ilə”.


Müəllif: Yeganə Oqtayqızı