13 Oktyabr 2021 15:34
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti “Azərbaycan Biznesinin İnkişafı Fondu”nun yaradılması barədə fərman imzalayıb. Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sahibkarlığın İnkişafı Fondu” və “Azərbaycan İnvestisiya Şirkəti” birləşmə formasında yenidən təşkili yolu ilə “Biznesinin İnkişafı Fondu” yaradılacaq. Fondun əsas məqsədi iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləmək, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin etmək və sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməkdən ibarətdir.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov fərmanı təhlil edib.

İqtisadçının apardığı təhlillər və eləcə də rəsmi statistika göstərir ki, hazırda sahibkarlar və xüsusilə də regionda fəaliyyət göstərən iş adamlarının kredit əldə etməkdə çətinlikləri var: “Mərkəzi Bankın məlumatına görə, bankların kredit portfeli 15 milyard 206 milyon manatdır. Bu kreditlərin 11 milyard 890 milyon manatı yalnız Bakı şəhərində təklif olunub. Bu o deməkdir ki, bankların təqdim etdiyi hər 100 manat kreditin 78 manatı Bakı şəhərinin, qalan 22 manatı isə digər bütün ərazilərin payına düşüb. Abşeron iqtisadi rayonunun sakinləri isə 574 milyon manat kredit əldə edə biliblər. Abşeronun kredit portfelindəki payını nəzərə aldıqda regionların kreditləşmədə payı daha da aşağı olur. Bu baxımdan güzəşt mexanizminin təkmilləşdirilməsi daxil olmaqla maliyyələşmədə yeni alətlərin tətbiqi vacibdir”.

Deputat qeyd edib ki, Biznesin İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi 5 dövlət qurumunun nümayəndələri ilə formalaşıb: “Bunu nəzərə alsaq sahibkarların kreditlərə və xüsusilə güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün yeni addımların atılması imkanları genişdir.

Bütövlükdə, Biznesin İnkişafı Fondunun yaradılması biznesin dəstəklənməsi baxımdan irəliyə atılan daha bir addım hesab olunur. Bu, ölkədə həyata keçirilən iqtisadi siyasətin və xüsusən də sahibkarların daha yaxından dəstəklənməsi baxımdan vacib idi. Fondun fəaliyyətinin sahibkarlığın maliyyələşməsinə xüsusi təkan verəcəyi gözlənilir”.


Müəllif: Yeganə Oqtayqızı