14 Oktyabr 2021 22:26
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son 10 ildə tullantıların təkrar emalı çərçivəsində 81,9 milyon manat dəyərində məhsul istehsal edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Balaxanı Sənaye Parkından məlumat verilib. Məlumata görə, Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya və Belarus daxil olmaqla, 10,8 milyon manat dəyərində məhsul bir sıra xarici ölkələrə ixrac olunub: "Sənaye parkında 23 rezident rəsmi olaraq qeydiyyatdan keçib və buradakı müəssisələrdə tullantılar təkrar emala cəlb olunub, yaşıl məhsul istehsalının artırılması istiqamətində fəaliyyətlər genişləndirilib. Parkın fəaliyyəti dövründə rezidentlər tərəfindən bura 44,7 milyon manat investisiya qoyulub və 800-dən çox yeni iş yeri açılıb. Balaxanı Sənaye Parkında rezident kimi fəaliyyət göstərmək sahibkarlara bir sıra üstünlüklər qazandırır. Belə ki, müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunur. Buranı fərqləndirən ən vacib xüsusiyyətlərdən biri bir istehsal sahəsinin tullantısının digər istehsal müəssisəsində xammal kimi istifadə olunmasıdır. Təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunmasına ən yaxşı nümunə tullantıların zərərsizləşdirilməsi zamanı əldə edilən alternativ enerjinin sənaye parkında ehtiyacları ödəmə imkanıdır. Burada emal, istehsal və xidmət sahələrinin əlaqəli şəkildə vahid məkanda yerləşməsi iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət kəsb edir".

Qeyd edək ki, təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncamla İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib. İlkin mərhələdə 7 hektar ərazini əhatə edən Sənaye Parkına marağın artması nəzərə alınaraq sahəsi 10,15 hektara çatdırılıb.


Müəllif: Mənbə/Trend