15 Oktyabr 2021 15:04
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda illik inflyasiya 5%-i keçib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106%, qeyri-ərzaq məhsulları üzrə 104,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 104,6% təşkil edib.

Məlumata görə, bu ilin sentyabr ayında isə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 101,8%, ötən ilin sentyabr ayına nisbətən 108,5% olub.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 102,6%, ötən ilin sentyabr ayına nisbətən 110,4% təşkil edib.

İqtisadçı Natiq Cəfərli Teleqraf.com-a bildirib ki, Azərbaycanda statistika göstəriciləri müxtəlif üsullarla hesablanır: “İnflyasiya Statistika Komitəsinin rəsmi ərzaq zənbili və hesablama qaydalarına uyğun aparılır. Çox təəssüf ki, son zaman reallıqla rəsmi rəqəmlər arasında ciddi fərq yaranır.

Reallıqda qiymət artımı o qədər yüksəkdir ki, 5 faizlik inflyasiya rəsmən etiraf olunur. Ərzaq inflyasiyasının isə keçən ilin sentyabrına nisbətən bu ilin sentyabr ayında 8 faiz artdığı qeyd ediliob. Aybaay inflyasiya göstəricilərində ciddi artımlar var. Bu onu göstərir ki, rəsmi qurumlar inflyasiyanın çox sürətlə getdiyinin fərqindədirlər. Keçmişdə olduğu kimi, artıq rəqəmləri həddindən artıq aşağı göstərə də bilmirlər. Azərbaycanda inflyasiyanın həftəlik artımı insanların gündəlik həyatında hiss edilir”.

İqtisadçının sözlərinə görə, reallıqda ərzaq inflyasiyası hazırda açıqlanan rəqəmlərdən xeyli yüksəkdir: “Təəssüf ki, ölkəmizdə alternativ statistika aparan qurumlar yoxdur. Ancaq rəsmi statistikanı nəzərə almaq zərurəti yaranır. Əvvəllər alternativ statistika aparan qeyri-hökumət təşkilatları var idi. Son bir neçə ildə QHT-lərlə bağlı problemlərin yaranması alternativ statistikanı da mümkünsüz etdi. Ona görə də rəsmi rəqəmlərdən də qiymət artımı trendinin yüksək olduğu görünür. Bununla bağlı hansısa bir addımların olmaması narahatlıq doğurur”.

Təhlilçinin müşahidələrinə görə, adətən ölkəmizdə qiymət artımının sürəti sentyabr ayında aşağı düşürdü: “Hazırda görünən odur ki, keçən ilin sentyabr ayına nisbətən bu il əksinə, 8 faizə yaxın qiymət artımı var. Uzun illərdir ölkəmizdə belə bir korrelyasiya var idi, qiymət artımı ənənəvi olaraq noyabr ayından sürətlənirdi və bu tendensiya yanvarın ortalarına qədər davam edirdi. Çünki Yeni il bayramı, tələbin yüksəlməsi kimi şərtlər qiymət artımı prosesini sürətləndirirdi. İndi isə bu trend sentyabr ayından başlayıb. Bu onu deməyə əsas verir ki, Yeni il qabağı, xüsusən dekabr ayında daha ciddi və daha nəzərəçarpacaq qiymət artımı ilə rastlaşacağıq. Artıq Yeni il bahalaşmasını sentyabr ayından hiss etməyə başlamışıq”.

Komitənin məlumatına görə, Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 9 faiz azalıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 9 560,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib. Məlumata görə, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar 9,7%, qeyri-neft-qaz sektoruna yönəldilən vəsait isə 8% azalıb.

Analitik deyir ki, neft-qaz sektoruna investisiyaların azalması böyük enerji layihələrinin tamamlanması ilə əlaqədardır: “Azərbaycanın moderatorluğu ilə sonuncu böyük enerji layihəsi Cənub Qaz Dəhlizi, “Şahdəniz-2”, TANAP və TAP layihəsi idi. Artıq Avropa ərazisində bu layihənin son tamamlama işləri aparılır. Böyük neft-qaz layihələri yekunlaşdıqca investisiyaların da həcminin kəskin azalmasının şahidi oluruq.

Təəssüf ki, yüksək vergi dərəcələri, gömrük rüsumları, bundan əlavə, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaması investorlar üçün güvən yaratmır. Həmçinin yerli özünüidarəetmə, o cümlədən məhkəmə sistemi ilə bağlı problemlər həllini tapmayıb. Hətta Prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, yerli icra hakimiyyətləri investorları cəlb etmək əvəzinə onları çəkindirilər. Təəssüf ki, investorları maraqlandıran, Azərbaycanın cəlbedici olduğunu göstərən sahələrdə xroniki problemlər davam etdiyi üçün ölkəmizdə investiyaların azalmasına şahid oluruq”.


Müəllif: Yeganə Oqtayqızı