Akdeniz Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin professoru Mustafa Yıldıran Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Mustafa bəy, son günlər Türkiyə milli valyutası lirənin dəyərdən düşməsinə şahid oluruq. Bunun əsas səbəbi nədir?
- Valyuta məzənnələrindəki dəyişikliyin iki əsas səbəbi var. Birinci, Türkiyə Mərkəzi Bankı siyasət dəyişikliyinə getdi. Belə ki, ortalama istehlakçı inflyasiyasına istinad etmək əvəzinə, əsas inflyasiya göstəriciləri əsas götürüldü. Mərəzi Bank bundan siyasi qərarlarında istifadə edəcəyini açıqladı. Bu dəyişiklik faizlərin bazarlar tərəfindən aşağı-yuxarı 1,5 faiz civarında aşağı salınacağı mənasına gəlirdi. Bazarın faizlərin aşağı salınacağına dair gözləntiləri valyuta tələbində artım meydana gətirdi.
Digər tərəfdən, Türkiyə Mərkəzi Bankının bu cür siyasi qərar dəyişikliyi xüsusilə investorların qərarlarına ani şəkildə təsir edə bilir. Bu da investor davranışlarını dəyişdirdi. Yenidən xarici valyutaya tələb artdı və bununla birlikdə də vulyatada bir yüksəliş başladı.
- Sizcə, hökumət lirənin məzənnəsini sabit saxlamaq üçün müdaxilə etməyi düşünürmü?
- Dəqiq bir söz demək olmaz. Adətən hökumətlər bazar iqtisadiyyatında müdaxilə etməyi ümumiyyətlə, düşünməzlər. Bunun əvəzinə belə bir şey etmək olar – Mərkəzi Bank pul siyasəti alətləri ilə müdaxilə edə bilər. Yoxsa hökumətin birbaşa valyuta bazarına müdaxilə etməsi bir qədər doğru olmaz.
- Bahalı, yoxsa ucuz TL – Türkiyə üçün hansı sərfəlidir?
- Valyuta bazarında qiymətlər tam rəqabət şərtlərində bəlli olduğu üçün lirənin ucuz və ya bahalı olmasının dəyərləri fərqlidir. Məsələn, əgər dəyərli bir lirəniz varsa, işsizlik yaranar, xaricdən mal idxalı artar. Ölkə iqtisadiyyatında bu tipli problemlərə səbəb ola bilər. Əgər ucuz TL olarsa, daxili bazarlarda bahalılıq yaşanar, bu da inflyasiyaya səbəb olar. Ona görə də bu cür proseslərdə doğru olan bazar şəraitində qiymətlərin müəyyən edilməsinə icazə verməkdir.
Hazırda Türkiyədə valyutanın aşağı olması ixrac yönümlü üstünlük təmin etməkdədir, lakin uzun müddət bu şəkildə davam edərsə, daxili bazarlarda inflyasiyaya təsir edə bilər.
- Böhran nə qədər davam edəcək?
- Davamlı böhrandan danışa bilmərik. Zaman içində türk lirəsinə müdaxilə azaldıqca tarazlıq bərpa olacaq. Bu dövrdə ixracat baxımından valyuta qiyməti Türkiyə iqtisadiyyatına fayda vermiş görünür. Amma bu, müvəqqəti ola bilər.