20 Oktyabr 2021 23:12
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ milyarderləri koronavirusun yayılması nəticəsində ortaya çıxan ciddi iqtisadi ziyana baxmayaraq, son 19 ayda sərvətlərini əhəmiyyətli dərəcədə artırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Vaşinqtondakı Siyasi Araşdırmalar İnstitutunun dərc etdiyi hesabatda deyilir.

Hesabata görə, pandemiya dövründə amerikalı milyarderlərin sərvəti 70 faiz artıb. 1 milyard dollar və daha çox sərvəti olan amerikalılar 2020-ci ilin martından 2021-ci ilin oktyabrına qədər cəmi 2.1 trilyon dollar qazanıb.

Hesabatda “Forbes” milyarderləri siyahısından götürülən real vaxt məlumatları təhlil edilib. 2020-ci ilin mart ayında amerikalı milyarderlərinin sayı 614 olub, cari ilin oktyabrında bu say 745-ə yüksəlib.

“Wealth-X” araşdırma şirkəti də 2020-ci ildə dünyada milyarderlərin sayının 3000-i keçdiyini açıqlayıb.

“Business Insider”in məlumatına görə isə ABŞ-ın ən zəngin 1 faizinin sərvəti bütün orta təbəqənin ümumi sərvətini üstələyir.

Gəlirlərinin bu qədər artmasına baxmayaraq, ABŞ-dakı varlılar qazanclarının vergiyə cəlb edilməsini hələ də sevmirlər.

ABŞ Daxili Gəlir Xidmətinin (IRS) apardığı araşdırmaya görə, ABŞ-da ilk 1 faizin təxminən dörddə birinin gəlirləri IRS-ə düzgün şəkildə bildirilmir. Bundan əlavə, ən varlı 0.1 faizin yarısının gəlirlərini düzgün bildirmədiyi müəyyən olunub. Bu səbəbdən hər il yüz milyardlarla dollar vergi toplana bilmir. Ağ Ev iqtisadçılarının hesabatına görə, Amerikanın ən varlı 400 ailəsi yalnız illik 8,2 faizlik gəlir vergisi ödəyir.


Müəllif: Yeganə Oqtayqızı