22 Oktyabr 2021 15:01
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Mərkəzi Bankı uçot stavkasının azaldılması barədə qərar qəbul edib. Qardaş ölkədə uçot dərəcəsi 18%-dən 16%-ə qədər endirib.

Maraqlıdır, Mərkəzi Bankın qərarı lirəni qoruya biləcəkmi?

Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qərarı şərh edib.

O bildirib ki, 1 ay öncə 1 dollar almaq üçün 8.6 lirə ödəmək lazım idisə, indi bu rəqəm 9.55-dək dəyişib: “Faktiki olaraq lirə 1 ay ərzində 10 faizdən çox dəyər itirib. Mərkəzi Bankın son qərarına rəğmən lirə ucuzlaşmaqda davam edir.

Lirənin uculaşmasının əsas səbəbləri Türkiyənin cari hesablaşmalar balansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması olsa da, siyasi faktorlar da az təsirə malik deyil. Bu baxımdan, hələlik Mərkəzi Bankın uçot stavkası aləti ilə vəziyyətin kardinal dəyişəcəyinə ümid edənlər çox deyil”.

Türk lirəsinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, analitik deyib ki, TL-nin ucuzlaşması ölkəmizin ticarət dövriyyəsinə ciddi təsir göstərmir: “Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci ildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 33 %-ə yaxını Türkiyə bazarına yönəlib.

Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard ABŞ dolları həcmində müsbət saldoya malikdir. Biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac və idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq.

Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə səkkiz milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə, milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir. Eyni zamanda Türkiyəyə ixrac etdiyimiz qeyri-neft məhsulları müqayisəli üstünlüyə malikdir və lirənin dəyər itirməsi də bu ölkəyə ümumi qeyri-neft ixracatımıza təsir etməyəcək”.

Vüqar Bayramov hesab edir ki, lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər: “Nəticə etibarilə güman edilir ki, Türkiyədə inflyasiya optimallaşarsa, qardaş ölkənin məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq. Çünki lirə dəyər itirməkdə davam edərsə, digər xərclərdə, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, bu həmin məhsulların digər valyutalarda, o cümlədən Azərbaycan manatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər. O baxımdan güman olunur ki, lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər. Eyni zamanda bu istehlak bazarında türk mallarının qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər”.

Lirənin ucuzlaşması manatın məzənnəsinə necə təsir göstərəcək?

İqtisadçı manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktora diqqət çəkib: “Manata təsir edən amillər ölkəyə daxil olan və eləcə də Dövlət Neft Fondu vasitəsi ilə bazara çıxarılan valyutanın həcmi olsa da, əsas ticarət tərəfdaşlarımızda milli valyutaların vəziyyəti də diqqətə alınmalıdır. Doğrudur, bütün bu səbəblər fonunda əsas qərarverici qurum Mərkəzi Bank olaraq qalır. Mərkəzi Bank üzən məzənnə rejiminə keçmədiyi üçün məzənnəyə birbaşa təsir imkanlarını qoruyub saxlayır. Bu baxımdan, növbəti dövrdə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.


Müəllif: Yeganə Oqtayqızı