25 Oktyabr 2021 18:14
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sovet dövrünün potensialını işğaldan azad olunmuş rayonlara birbaşa şamil etmək düzgün deyil”.

Bunu Teleqraf.com-a açıqlamasında iqtısadçı Xalid Kərimli deyib.

Qubadlının iqtisadi potensialından danışan iqtisadçı rayonunun Azərbaycanın qərbində Ermənistanla sərhəddə yerləşdiyinə diqqət çəkib:

“Adətən işğaldan azad olunmuş rayonların iqtisadi potensialından danışanda onun sovet dövründə ənənəvi inkişaf etdirilmiş sahələrinə nəzər yetirilir. Bunun özü yanlışdır. Çünki sovet dövründə Azərbaycan ikinci dərəcəli respublikalardan idi. Sovet iqtisadiyyatı böyük olduğu üçün Azərbaycana daha çox kənd təsərrüfatı ölkəsi kimi baxırdılar. Digər regionlarda olmayan sənaye potensialını reallaşdırırdılar və yaxud daha çox tərəvəzçilik zonası kimi baxılırdı. Ona görə də sovet dövrünün potensialını götürüb işğaldan azad olunmuş rayonlara birbaşa şamil etmək, onların potensialını bu yolla ölçmək və məhdudlaşdırmaq düzgün deyil”.

Analitik hesab edir ki, dağlıq rayonunun faydalı qazıntılarının əsasını tikinti materialları təşkil edir:

“Əkinçilik, çəltikçilik üçün olduqca əlverişli iqlim şəraiti var. Həmçinin münbit torpaq əraziləri, heyvandarlıq üçün yaylaqları var. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensialı var.

Digər rayonları kimi Qubadlının turizm potensialı kifayət qədər yüksəkdir. Füsunkar təbiəti turizmin inkişafı üçün əlverişli şərait formalaşdırır.

Bundan əlavə, dağ çaylarının mövcudluğu alternativ enerji mənbələrinin, o cümlədən ekoloji cəhətdən təmiz su elektrik stansiyalarının qurulmasına imkanlar açır. Bu aspektlər yəqin ki, rayonun gələcək bərpasında diqqət mərkəzində olacaq”.

Xalid Kərimlinin müşahidələrinə əsasən, rayonda ilkin bərpa işləri sürətlə aparılır: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışını ediblər. Bu, rayonda geniş yenidənqurma və abadlıq işləri üçün ilkin zəmin formalaşdırır.

Sərhəd zonada yerləşdiyi üçün yarımstansiyaların, elektrik enerjinin bərpası həm Sərhəd Xidməti, həm də Müdafiə Nazirliyinin qoşunlarının şəraitinin yaxşılaşdırılmasına imkan verəcək. Aydın məsələdir ki, elektrik enerjisi olmadan burada bərpa-quruculuq işlərini həyata keçirmək mümkün deyil. Yol tikintisi və digər kommunal infrastrukturun təşkili üçün də elektrik enerjisi vacib elementdir. Başqa sözlə, bu, Qubadlı rayonunun bərpası üçün şərtləri formalaşdırır”.


Müəllif: Yeganə Oqtayqızı