26 Oktyabr 2021 12:36
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gələcək. İşğaldan azad olunmuş ərazilərimizdə inşa edilən ilk hava limanı - Füzuli Beynəlxalq Hava Limanında cəmi 9 ay ərzində qurulub sınaq uçuşları həyata keçirildi. Bu gün isə onun rəsmi açılış mərasimi reallaşır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanı ermənilər tərəfindən tamamilə dağıdılmış və xarabalığa çevrilmiş şəhərdə inşa olunan aeroportdur: “Bu da hava limanının xüsusi özəlliklərindədir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və yaxın illərdə şəhərdə ilkin məskunlaşma olacaq. Ondan sonra hava limanının əhəmiyyətini daha da artacaq.

Füzuli şəhəri məskunlaşanadək də hava limanı öz fəaliyyətini həyata keçirə biləcək.

Əvvəlla, Füzuli şəhərini Şuşa ilə birləşdirəcək Zəfər Yolu hazırdır və bu o deməkdir, xarici və yerli deleqasiyalar hava limanı vasitəsi ilə Azərbaycanın mədəniyyət paytaxtına səfər edə biləcəklər. İkincisi, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq hava limanı prosesə xüsusi töhfə vermiş olacaq”.

Vüqar Bayramov deyir ki, Füzuli Beynəlxalq Hava Limanı Qarabağın Azərbaycana iqtisadi re-inteqrasiyası baxımından vacibdir: “İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 5 milyard manatda artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.


Müəllif: Yeganə Oqtayqızı