27 Oktyabr 2021 09:05
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Türkiyəyə təbii qaz ixracını azaldıb. Türkiyə Enerji Bazarını Tənzimləmə Təşkilatının hesabatına əsasən, avqustda Azərbaycandan 547 milyon kubmetr təbii qaz alınıb. Bu da o deməkdir ki, Azərbaycan Türkiyəyə təbii qaz ixracını avqust ayında əvvəlki ilin eyni ayına görə 44,5 faiz azalıb.

Əvəzində Türkiyə bazarında rus qazına olan tələbatın artdığı müşahidə olunur. Bu dövrdə Türkiyəyə ən çox təbii qaz idxalı 2 milyard 80 milyon kubmetrlə Rusiyanın, 898,2 milyon kubmetr isə İranın payına düşüb. Bu müddətdə Rusiya və İrandan idxal müvafiq olaraq 51,9 faiz və 121 faiz artıb.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Teleqraf.com-a təbii qaz ixracının azalmasının səbəblərini şərh edib.

O, Türkiyə bazarında Azərbaycan qazına olan marağın azalması fikri ilə razılaşmayıb: “Sadəcə olaraq Azərbaycandan nəql olunan qazın həcmi bir müddət azalmışdı. Hesabatda avqust ayı üzrə Azərbaycandan alınan 547 milyon kubmetr təbii qaz rəqəmlərini dəqiqləşdirmək lazımdır. Bildiyim qədəri ilə bu, daha yüksək rəqəm olmalıdır. Amma hər halda ötən illə müqayisədə azalma var.

Ümumilikdə Türkiyəyə Azərbaycandan təbii qaz iki müqavilə əsasında nəql olunur. “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsində əldə olunan qaz müqaviləsi əsasında və “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində əldə olunan qaz isə digər müqavilə əsasında satılırdı. “Şahdəniz-1” təbii qaz müqaviləsinin müddəti bu il başa çatıb. Bu ilin aprel ayından etibarən bir neçə ay həmin müqavilə əsasında Azərbaycandan Türkiyəyə qaz nəql olunmadı. Digər müqavilə əsasında isə qazın nəqli davam edirdi.

Bu ilin avqust ayında isə yeni bir müqavilə imzalandı. Bu müqavilə əsasında Azərbaycandan Türkiyəyə “Şahdəniz-1” qazının nəqli yenidən bərpa olundu. Yəni, müəyyən danışıqlar aparıldı, şərtlər razılaşdırıldı və yeni müqavilə imzalandı. Odur ki, cari ilin avqust ayından sonrakı dövrə baxsaq yəqin ki, qazın nəqlində yenidən artım olacaq”.

“Gazprom Export” şirkətinin rəhbəri Yelena Burmistrova açıqlamasına görə, Rusiya bu ilin 9 ayında Türkiyəyə təbii qaz idxalını keçən ilin eyni dövrünə görə 138,8 faiz artırıb. “Gazprom” rəsmisi ilin sonuna qədər Türkiyəyə 24-25 milyard kubmetr təbii qazın nəqlini planlaşdırıldığını da bildirib. Şirkət rəhbəri daşımanın ortalama qiymətinin min kubmetr üçün 270 dollar olacağını düşünür.

Maraqlıdır, Azərbaycan təbii qaz nəqli ilə bağlı qarşısına belə bir plan qoyubmu? Həmçinin Azərbaycan Türkiyəyə nəql olunan təbii qazın min kubmetri üçün nə qədər qiymət təyin edib?

Qurum rəsmisi qiymət məsələsində məlumat sahibi olmadığını bildirib: “Qiymət sahibi konsorsiumu təşkil edən şirkətlərdir, burada SOCAR yox, başqa şirkətlər iştirak edir. Onlar adətən bu məlumatları kommersiya maraqlarına görə açıqlamırlar. Bir sözlə, onlar bunu kommersiya baxımından öz maraqlarına uyğun görmürlər. Buna görə onları məcbur edə bilmərəm ki, qiyməti açıqlasınlar”.

Azərbaycanın Türkiyə enerji bazarında üçüncü yerdə olmasına gəlincə, İbrahim Əhmədov bunun idman yarışı olmadığını vurğulayıb: “Ötən il elə bir dövr olub ki, Azərbaycan Türkiyənin bir nömrəli qaz təchizatçısı idi. Amma daha çox Rusiya nəql edir. Dünyada neft və qaz ehtiyatlarının həcminə görə Rusiya öncül sıralarda qərarlaşır. Bu baxımdan Avropa, Türkiyə, Çin bazarlarına Rusiya ən çox qaz təchiz edən ölkələrdən biridir. Bu, yeni bir xəbər deyil, həmişə belə olub. Artıq Türkiyəyə müxtəlif qaz kəmərləri çəkilib. Bu kəmərlər sayəsində Türkiyə Rusiya üçün böyük bazar hesab olunur.

Ənənəvi olaraq Azərbaycan da, İran da Türkiyəyə təbii qaz nəql edir. Adətən Azərbaycan Rusiyadan sonra ikinci yerdə olub. Ola bilər ki, hansısa dövrlərdə müvəqqəti olaraq üçüncü yerdə olmuşuq”.

İbrahim Əhmədovun sözlərinə görə, Azərbaycanın müqavilə əsasında razılaşdırdığı idxal həcmləri var: “Məsələn, “Şahdəniz-2” yatağından Türkiyəyə illik qazın nəqli 6 milyard kubmetrə qədər çatdırılmalıdır. Bu da tədricən artırılır və illik ən yüksək səviyyəyə - 6 milyard kubmetrə çatdırılır. “Şahdəniz-1” səviyyəsində isə həm Türkiyə, həm də Azərbaycan Energetika Nazirliyi bəyan etmişdi ki, tədricən artırılmaqla 3 il müddətində illik 3,5 milyard kubmetrə çatdırılacaq. Bu da ümumilikdə 9,5 milyard kubmetr təbii qaz nəqli deməkdir. Yəni ölkəmizin Türkiyəyə satış üçün planlaşdırıdığı təbii qazın maksimum səviyyədə illik həcmi 10 milyard kubmetrə yaxındır.

Bundan əlavə, ölkəmizin Avropaya, o cümlədən Gürcüstana da qaz satışları var. Əgər gələcəkdə Azərbaycanda əlavə qaz həcmləri hasil edilərsə, o zaman biz həmin həcmlərin satışı ilə bağlı yeni müqavilələr imzalayacağıq. Bu zaman mövcud rəqəmlər dəyişə bilər. Burada məqsəd mövcud olan təbii qaz ehtiyatlarını satışa çıxarmaqdır və onun satışını təmin etməkdir.

Azərbaycanın enerji təhlükəsizliyi təmin olunması bizim üçün prioritetdir. Birinci növbədə Azərbaycan istehlakçıları və xalqı təbii qazla tam təmin edilməlidir, bundan sonra artıq həcmlər ixrac edərək ölkəmizə əlavə mənfəət qazandırmağa çalışacağıq”.


Müəllif: Yeganə Oqtayqızı