27 Oktyabr 2021 16:00
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Belə yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır. Bu yolların tikintisi bölgənin inkişafına təkan verəcək”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı deyir ki, infrastruktur sahələri arasında yolların çəkilməsi son dərəcə vacibdir: “Yol olmayan yerdə heç bir təsərrüfatla məşğul olmaq mümkün deyil. Bu yollar sayəsində bölgədə xarici və yerli biznes subyektlərinin iştirakı əhəmiyyətli dərəcədə artacaq. Vətəndaşların həmin ərazilərə köçürülməsi, ev təsərrüfatlarının yaradılması, məşğulluğun təmin edilməsi regionun iqtisadi re-inteqrasiyanın həyata keçirilməsi üçün çox önəmlidir”.

Analitik ötən gün açılışı olan “Qubadlı” yarımstansiyasının üstünlüklərini də şərh edib: “Bu günə qədər “Qubadlı” yarımstansiyası da daxil olmaqla ümumilikdə 7-dən çox yarımstansiya istifadəyə verilib. Artıq işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Yarımstansiyalar qurulduğu bölgənin inkişafı üçün ən vacib infrastruktur obyektlərindən ikincisidir. Bu istiqamətdə birinci yerdə yol infrastrukturu gəlir. Elektrik infrastrukturunun yaradılmasında da məhz yarımstansiyaların müstəsna əhəmiyyəti vardı. Buna görə də işğaldan azad olunmuş ərazilərdə ilk növbədə yolların çəkilməsini, ardınca enerji təminatını həyata keçirəcək su elektrik yarımstansiyaların yaradılmasını müşahidə edirik.

İşğaldan azad olunmuş rayonlarda yeni stansiyalar layihələndirilən zaman iqlim parametrləri nəzərə alınır. Bu yarımstansiyalar coğrafi şəraitə uyğun olaraq - havanın temperaturu, yağışlı və ya küləkli olması, eləcə də ekoloji faktorlara əsasən layihələndirilir və icra olunur. Çünki bu parametrlər nəzərə alınmadan layihə icra olunduqda qəza hallarının sayı artır. Lakin bu parametrlərlə inşa edilmiş yarımstansiyalar qəza hallarına qarşı daha davamlı olur. Bu konsepsiyaya baxdıqda görülən işlərin hər biri - ağıllı kənd və şəhər, yeni yaradılan yarımstansiyalar və digər mühəndis qurğular daha innovativ həllərin tətbiqi ilə icra olunur”.


Müəllif: Yeganə Oqtayqızı