29 Oktyabr 2021 10:30
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neft kəskin ucuzlaşıb. Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 2,03 faiz ucuzlaşaraq, 1 bareli 82,17 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 1,81 faiz düşərək, 1 bareli 81,14 ABŞ dolları təşkil edib.

Enerji sektoru üzrə mütəxəssis Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, son zamanlar neft qiymətlərində artımın müşahiə edilməsi birbaşa OPEC və müttəfiq dövlətlərin siyasəti ilə bağlı deyil.

O hesab edir ki, qiymət artımı əsasən sentyabr ayından başlayaraq dünyanın elektrik enerjisi və təbii qaz bazarlarında hökm sürən qeyri-müəyyənliklə bağlıdır: “İddia olunurdu ki, təbii qaza artan tələbat təhcizatçı şirkət və dövlətlər tərəfindən ödənilməyəcəyi təqdirdə digər enerji daşıyıcılarına keçid qaçınmaz olacaq. Burada yanacaq mazutu, dizel yanacağı, texniki kerosin, eyni zamanda bərk karbohidrogen olan daş əsas götürülürdü.

Neftin son qiymət artımı da qlobal təbii qaz və elektrik enerjisi bazarlarında hökm sürən qeyri-müəyyənliklə bağlıdır. Yüksək neft qiymətləri OPEC və müttəfiq dövlətlərin siyasətinə uyğun deyil. Çünki yay aylarında stasionar neft anbarlarında neft və neft məhsullarının həcmlərinin azalması mütamadi davam edirdi.

Lakin OPEC və müttəfiq dövlətlər yüksək neft qiymətlərinə bir o qədər də maraq göstərmədilər. Çünki yüksək neft qiymətləri pandemiyanın zəiflədiyi bir dönəmdə iqtisadiyyatın bərpa prosesinə aqressiv təsir edir. Bunu da OPEC və müttəfiq dövlətlər düzgün dəyərləndirdilər.

Təbii qazdan fərqli olaraq, neft bazarları 1960-cı ildən, yəni OPEC yarandığı gündən tənzimlənir. Balans pozulduğu halda OPEC və müttəfiq dövlətlərin bazara süni intervensiya etmək imkanları var. Bu da qiymətlərin tənzimlənməsinə birbaşa təsir edir. OPEC və müttəfiq dövlətlər açıq bəyan edirdilər ki, mövcud şəraitdə neft qiymətlərinin 68-75 dolları dəhlizində dəyişməsi həm istehsalçıların, həm də istehlakçların maraqlarına uyğundur.

Neft qiymətləri 80 dolları keçəndən sonra həm ABŞ, həm Hindistan, həm də Yaponiya bazarlarında qeyri-müəyyənlik yarandı. Hər üç ölkənin dövlət səviyyəsində OPEC və müttəfiq dövlətlərə müəyyən narazılqılar da ifadə edilirdi və hasilat həcmlərinin artırılması tələb olunurdu.

Təbii ki, OPEC neft bazarlarında yaranmış qeyri-müəyyən bir dövrdə əlavə hasilat həcmlərinə gedə bilməzdi. Çünki bu, qısa müddətdə bazarda kəskin profsitin yaranmasına səbəb olardı”.

Analitik deyir ki, hazırda OPEC və müttəfiq dövlətlərin əksəriyyətinin ehtiyat hasilat gücləri məhdudur: “Bu baxımdan son qiymət artımı OPEC və müttəfiq dövlətlərin maraqlarına uyğun görünmür. Aparıcı banklar, bazar iştirakçıları bəzən iddia edirdilər ki, neft qiymətləri 100-145 dollara yaxınlaşacaq. Fikir bildirərəkən son bir ildə neftə olan tələbata da nəzər yetirmək lazımdır.

Doğrudur, keçən illə müqayisədə artıq neftə olan tələbat kifayət qədər artıb, eyni zamanda sənaye və istehsal aktivliyi müşahidə olunur. Lakin mövcud neft emalı zavodlarının (NEZ) gündəlik xammalla yüklənməsi 2019-cu il səviyyəsinə gəlib çatmayıb.

Ortalama dünya üzrə NEZ-lərin gündəlik xammalla yüklənməsi 85 faizdir. Əgər hasilat artımlarına gedərləsə, onda neftin bir hissəsi strateji və ya kommersiya təyinatlı neft ehtiyatlarına yönələr. Lakin indiki yüksək qiymət səviyyəsində heç bir dövlət strateji və kommersiya ehtiyatlarını artırmaqda maraqlı deyil”.

Zəfər Vəliyevin müşahidələrinə əsasən, hazırda Avropanın satış platformalarında təbii qaz fyuçerslərinin qiyməti min dollardan yuxarıdır: “Asiya və eləcə də Avropa bazarlarında təbii qaz fyuçerslərinin qiyməti kifayət qədər yüksəkdir. Amma bu qiymətə fiziki qaz satılmır. Fyuçers qiymətləri ilə fiziki qiymətlər həmişə fərqli olur. Əgər Avropanın spot indekslərində qazın 1 000 kubmetrinin fuyçers qiyməti 1 000 dollardan yuxarıdırsa, fiziki bazarlarda bu qiymət mövcud deyil və ola da bilməz. Hazırda şimal-qərb Avropa bazarlarında neft məhsullarının qiyməti təbii qaz qiymətlərini üstələyir. Bir nümunə çəkim, Danimarkada aşağı kükürdlü mazutun 1 000 litrinin qiyməti 1 100 avronu keçib. Belə olan təqdirdə neft məhsulları bu boşluğu doldura bilməz”.

Müsahibimiz hazırda “Azeri Light” markalı neftin qiymətinin yüksək olmasına da toxunub: “Xüsusilə yay-yaz mövsümündə əsasən Aralıq dənizi enerji bazarlarında yüngül neftə olan tələbat çox yüksək idi. Neft həcmlərinin keyfiyyəti, kəmiyyəti və mütəmadi çatdırılma məsələsi neft ticarətində əsas amillərdən biridir. Bu mənada ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycan neftinə olan tələbatın yay-yaz mövsümündə kifayət qədər artması ilə bağlı olub. Yüngül neftə olan tələbat qarşılığında Azərbaycan neftinin satış imkanları genişlənib. Bu, indi də davam edir.

Hər gün açıqlanan müxtəlif markalı neft qiymətləri fyuçers qiymətləridir və real fiziki bazarları əks etdirmir. Fiziki bazarlarda tamamilə başqa qiymət düsturundan istifadə edilir. Bir çox neft markaları barel hesabına endirimlə satılır.

“Azeri Light” Aralıq dənizi enerji bazarlarında premiya ilə satılan yeganə markalı neftdir. Brent markalı neftə nisbətdə “Azeri Light” barel hesabı ilə Brent+2 və yaxud Brent+2.5 dollar premiya ilə satılır. Bu, Azərbaycan neftinin yüksək keyfiyyət göstəriciləridir. Təbii ki, daşınma, yükün sığortası, limanda yükləməsi xərcləri səslənən qiymətlərin içərisindədir.

Yüksək neft qiymətlərini proqnozlaşdırmaq çətindir. Artıq fyuçers qiymətləri elan olub. Böyük ehtimalla noyabr-dekabr ayında neft qiymətləri bu səviyyədə gedəcək. Hələ ki, neftin qiymətinin 90 dollara qalxma ehtimalı yoxdur. Emal güclərinin yüklənməsi, eyni zamanda aviasiya yanacağına tələbat pandemiyadan əvvəlki dövrlə müqayisədə aşağı olduğuna görə NEZ-lər yükəsk qiymətə neft idxal etməkdən qaçırlar. Çünki hər bir NEZ-in hər bareldə 8-9 faiz karı olmasa, gəlirlə işləyə bilməzlər. Son iki ildə Avropada bir neçə NEZ fəaliyyətini dayandırıb.Çünki gəlirlə işləyə bilmir. Bu tendensiya bu gün də davam edir”.


Müəllif: Yeganə Oqtayqızı