1 Noyabr 2021 18:29
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət rüsumlarının qaldırılmasında əsas səbəb əksər hallarda xərclərin artırılması ilə bağlı olur. Digər səbəb daxilolmaların, büdcə gəlirlərinin artırılması ilə əlaqəlidir. İndiki şərtlər daxilində daha çox büdcə gəlirlərinin alternativ mənbələrdən yüksəldilməsi yolları sahəsində işlər görülür. Eyni zamanda “Dövlət rüsumu haqqında” qanuna görə, rüsumların müəyyən hissəsi də həmin sahədə çalışanların əməkhaqqı fonduna əlavə olunmasına, rifahının yüksəldilməsinə yönəldilir”.

Bunu Teleqraf.com-a "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikləri şərh edərkən iqtisadçı Rəşad Həsənov deyib.

Analitik deyir ki, avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar 20 faizdən 100 faizə qədər artırılıb: “Dəyişikliklə əsasən, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.

Demək olar ki, bütün nömrələr üzrə rüsum 500 manat artırılıb. Hansı ki, əvvəl minimum məbləğ 500 manat idi, indi 100 faiz artırılaraq 1000 manata çatdırılıb. Maksimum məbləğ 2500 manat idi, burda da 20 faiz artırılaraq 3000 manata çatdırılıb. Bu, son nəticədə xərclərin, eyni zamanda avtomobil bazarında qiymətlərin artmasına gətirib çıxaracaq. Bundan başqa avtomobil rüsumlarının da artırılması ilə bağlı qərar qəbul edilir”.

Rəşad Həsənov qeyd edib ki, mobil cihazlar üzrə rüsumlarda dəyişiklik yoxdur: “Çünki mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci ildə təsdiqlənən dövlət rüsumunun məbləğləri hazırda tətbiq olunan rüsumlarla eynidir. Yəni əvvəl də bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat olub, indi də elə qalıb.

Bundan əlavə, son məlumatlarda “33-5.1.1-ci” maddəsi ifadəsi də yer alıb, amma “Dövlət rüsumu haqqında” qanunda belə bir bənd yoxdur. Qeyd olunur ki, Qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlar istisna olmaqla. Ola bilsin ki, qanuna yeni əlavə olunub və bu bənd onu nəzərdə tutur. Böyük ehtimalla oradakı mobil cihazlara da əlavə rüsumlar tətbiq olunacaq”.

Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı rüsumlarının artırılmasına gəlincə, Rəşad Həsənov burada birdəfəlik qeydiyyata alınmadan söhbət getdiyini deyib: “Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır. Bu artım hər vahidə tətbiq olunmur. Amma istənilən halda cari vəziyyəti nəzərə alaraq hökumət mümkün qədər çalışmalıdır ki, xüsusilə dərman vasitələrində bənzər qərar qəbul etməsin.

Onsuz da həm pandemiyadır, həm də əhalinin gəlirlərində azalma var. Bu şərtlər daxilində xüsusilə sağlamlıq kimi həssas məsələdə hökumət daha ehtiyatlı davranmalıdır. Amma bu rüsumun artırılması sahibkarlıq subyektləri üzrə böyük xərc yükü formalaşdırmır. Başqa sözlə, bu, dərmanların qiymətinin artırılması üçün bir bəhanə olmamalıdır”.

Analitik deyir ki, vahidə tətbiq olunan rüsumlar qiymət artımını şərtləndirir: “Məsələn, dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar avtomobillərin hər vahidinə tətbiq olunur. Həmçinin kənd təsərrüfatı məhsullarının markalanması ilə bağlı yeni rüsum tətbiq edildi. Bu qərarlar öz növbəsində müəyyən qədər maya dəyərinin artmasını şərtləndirəcək. Qərarlar ətdən tutmuş, yumurtaya qədər məhsulların qiymətinə təsir göstərə bilər.

Bundan əlavə, əgər gömrük rüsumları artırılırsa, bu, artıq daxil olan mala tətbiq olunan gömrük rüsumudur, yəni hər vahidə tətbiq olunmur.

Mobil cihazlarla bağlı qərarda qeyri-müəyyənlik var. Qeydiyyatın növündən asılı olaraq rüsumunun dərəcələri dəyişir. Məsələn, tutaq ki, dərman vasitələri gətirilir, ekspertizadan keçəndən sonra həmin preparatların satışına icazə verilir. Bununla bağlı qeydiyyat hər gün yox, bir dəfə aparılır. Təbii ki, böyük bir dövriyyədə 50 manat artım ciddi xərc yükü formalaşdırmır. Bu kimi məsələlər o qədər də qiymət artımını şərtləndirmir.

Ümumiyyətlə, bütün sahələrdə dövlət rüsumlarının artırılması istiqamətində bir mövqe var. Bu, eyni zamanda həmin xidmətlərin və məhsulların əhatə etdiyi sahələrdə də qiymət artımlarını orta və uzunmüddətli dövrdə şərtləndirəcək. Nəzərə alaq ki, indiki halda inflyasiyanı idxal edirik, bu, heç də o qədər zəruri bir məsələ deyil”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər