3 Noyabr 2021 18:28
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hökumət pozitiv hesab etdiyi, cəmiyyətə müsbət fayda gətirə biləcək məsələlərdə güzəştə gedir, ƏDV-ni ləğv edir. Zərərli, amma fiskal mənbə hesab etdiyi sahələrdə isə vergiləri artırır”.

Bunu Teleqraf.com-a Vergi Məcəlləsinə olunan dəyişiklikləri şərh edərkən iqtisadçı Xalid Kərimli deyib.

İqtisadçı deyir ki, Məcəlləyə edilən dəyişikliklər növbəti ildən qüvvəyə minəcək: “Hökumət elektrik mühərrikli avtomobillərə 2019-cu ildən güzəştlər tətbiq edirdi. Növbəti ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək.

Eyni zamanda dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı 3 il müddətinə əlavə dəyər vergisindən azad olunacaq. Hökumət vətəndaşların ətraf mühiti daha az çirkləndirən hibrid mühərrikli avtomobillərə marağını artırmağa çalışır. Bu avtomobilləri vergidən azad etməklə onların qiyməti aşağı düşür, bu zaman cəlbedicilik artır”.

Ekspert hökumətin istehlakı tənzimləmək istiqamətində addımlar atdığını da vurğulayıb: “Bu məqsədlə tütün və spirtli içkilərin aksiz vergisi artırılır. Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisinin dərəcəsi hər litr üçün 0,80 manat artırılacaq. Tütün məmulatlarının aksiz vergisi təqribən 10 faiz, hər litr spirtli içkiyə görə aksiz vergisi isə təqribən 25 faiz artırılıb. Bu, istehlak vergiləri hesabına dövlət büdcəsinə əlavə gəlir mənbələrinin yaradılması məqsədilə artırılır. Bu da sözügedən məhsulların bazar qiymətlərinin əlavə 2 faiz həcmində artırmasına təsir göstərəcək. Bu məhsulların qiymətini artırmaqla tələbatı aşağı salmaq düşünülür. Amma burada əsas fiskal məqsəd tütün və spirtli içki istehlakçıları hesabına büdcəyə əlavə gəlir təmin etməkdir”.

Xalid Kərimli qeyd edib ki, Məcəlləyə edilən növbəti yenilik gələn ildən tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri qaytarmağın mümkün olmasıdır: “Gələn ildən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına ödənilən ƏDV geri alınmayacaq. Hökumət tibbi xidmətləri zəruri ehtiyac hesab etdiyi üçün bundan əhalinin faydalanmasını istəyir. Hesab olunur ki, alkoqollu içkilər və tütün məmulatlarını istehlak edənlər hər hansı bir güzəşt əldə etməməlidir.

Bundan əlavə, hədiyyələr və miraslarla bağlı da vergi güzəştləri tətbiq olunacaq. Hədiyyələrin və təhsil haqlarını ödəmək üçün yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir”.

Analitik hesab edir ki, Məcəlləyə biznes subyektlərinin fəaliyyətinə maneçilik törətməmək üçün edilən daha bir əhəmiyyətli yenilik də var: “Bu, vergi borcuna görə xarici valyutada olan hesabın tam dondurulmamasıdır. Hazırda qüvvədə olan Məcəlləyə görə, maliyyə sanksiyaları vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə, hesabdakı xarici valyuta vəsaiti tam dondurulur. Növbəti ildən isə vergi borcuna görə maliyyə sanksiyaları vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 %-i qədər hesabdakı valyuta vəsaiti donduracaq. Yəni bütün bank hesabı dondurulmur, yalnız dövlətə olan borcun məbləği qədər məhdudlaşdırılır.

Məlumdur ki, məhdudlaşdırmalar həyata keçiriləndə müəyyən müzakirələr və aydınlaşdırmalar lazım olur. Bu, müəyyən zaman tələb edir. Bu vaxt biznes subyektlərinin fəaliyyətinə, xüsusən də xarici öhdəliklərin icrasına maneələr və əlavə problemlər yaranır. Bu baxımdan mövcud dəyişikliyi yüngülləşdirici hal kimi qəbul etmək olar”.


Müəllif: Yeganə Oqtayqızı