7 Noyabr 2021 08:52
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yoxsulluq və ədalətsizliyə qarşı mübarizə aparan insanların qlobal təşkilatı “Oksfam”ın (“Oxfam”) Avropa Ekologiya Siyasəti İnstitutu (IEEP) və Stokhold Ekologiya İnstitutunun faktlarına əsaslanan araşdırmasına görə, hökumətlərin emissiyaları azaltma planları lazım olandan geri qalır.

Teleqraf.com xəbər verir ki, temperatur artımını 1.5 dərəcə selsi ilə məhdudlaşdırmaq üçün 2030-cu ilə qədər adambaşına düşən karbon emissiyaları ildə orta hesabla 2.3 ton təşkil etməlidir.

Bu rəqəm adambaşına düşən cari emissiya səviyyəsinin təxminən yarısına bərabərdir. Buna baxmayaraq, zənginlərin “karbon ayaq izləri” getdikcə artır.

Dünyanın ən zəngin insanlarının bir faizinin emissiyasının Paris Sazişinin 2030-cu ilə qədər qlobal temperatur artımını 1.5 dərəcə selsi ilə məhdudlaşdırmaq hədəfindən 30 dəfə çox olduğu bildirilib.

Atmosferdə karbon qazının həcminin artmasına görə Çin zənginlərinin 23, ABŞ-ın 19, Hindistanın isə 11 faizə görə cavabdeh olduğu deyilib.

1.5 dərəcə hədəfinə uyğun olaraq sözügedən zəngin təbəqədən olan hər bir şəxs 2030-cu ilə qədər emissiyalarını 97 faiz azaltmalıdır.

Dünyanın ən zəngin insanlarının 10 faizinin bu yöndəki fəaliyyətlərinin - ətraf mühitə atdıqları tullantıların 10 dəfə artacağı proqnozlaşdırılır.

Dünya əhalisinin ən yoxsul təbəqəsinin 50 faizinin “karbon ayaq izləri”nin 2030-cu ildə 1.5 dərəcə selsi hədəfinə uyğun səviyyədən xeyli aşağı qalacağı gözlənilir.

“Oksfam”ın iqlim siyasəti rəhbəri Nafkot Dabi dünyanın “azlıq elitası”nın atmosferi daha çox çirkləndirdiyini deyib: “Emissiyalar dünyada mənfi hava şəraitinə səbəb olur və qlobal istiləşməni məhdudlaşdırmaq məqsədini təhlükə altına qoyur. Dünya əhalisinin 10 faizini təşkil edən zənginlər qarşıdakı 9 il ərzində planlaşdırılan sərhədlərin o tərəfinə keçəcək. Bu, onsuz da ölümcül təbii fəlakətlər, aclıq və yoxsulluqla üzləşmiş dünya əhalisinin ən həssas təbəqəsi üçün fəlakətli nəticələrə səbəb olacaq”.

İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində yaxın 25 ildə sıfır emissiyalı enerji sisteminə keçidin qlobal iqtisadiyyata 26 trilyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu