14 Noyabr 2014 18:24
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşad Orucov: “Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını komfortlu şəkildə ödəsinlər”

Azərbaycanın Mərkəzi Bankı kommersiya banklarında istehlak kreditlərinin artım dinamikasını bir qədər də aşağı salmağı nəzərdə tutur. Bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın baş direktoru Rəşad Orucov məlumat verib. Onun sözlərinə görə, Mərkəzi Bank bu ilin əvvəlindən istehlak kreditləşməsi ilə bağlı müəyyən tənzimləyici addımlar atıb:

“Nəticə də bundan ibarətdir ki, artıq istehlak kreditlərinin artım dinamikası iki dəfə aşağı düşüb. İpoteka kreditlərini istisna etsək, istehlak kreditləri ilin əvvəlindən təxminən 10 faiz artıb. Yəqin ki, biz ilin sonuna qədər əlavə tənzimləyici addımlar atacağıq. Biz bu addımların banklarda istehlak kreditləşməsinin dinamikasına bir qədər də azaldıcı təsir göstərəcəyini gözləyirik”.

Rəşad Orucov qeyd edib ki, əsas tədbirlərdən biri insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsi olacaq.

Bu tələbdən sonra hər bir şəxs sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə biləcək: “Yəni insanların gəlirləri onların borc yükünə uyğun olmalıdır. Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını komfortlu şəkildə ödəsinlər. Əsas tələb bu istiqamətdədir. Hər bir şəxsin kredit götürərkən aylıq gəlirlərinə və onun hər ay borcların ödənilməsinə nə qədər yönəldə biləcəyinə baxılacaq. Məsələn, vətəndaşlar aylıq gəlirinin 50 faizədək hissəsini bütün borclarının ödənilməsinə yönəldə biləcəklər. Mərkəzi Bankda hazırda müxtəlif variantlara baxılır. Ən normal göstərici 40-50 faizdir. Eyni zamanda banklar qarşısında tələblər qoyuruq ki, kreditləşmə prinsiplərinə əməl etsinlər. İlk növbədə banklar öz məsuliyyətini anlamalıdır. Borclalanların maliyyə imkanlarını düzgün qiymətləndirilməlidir. Bank əmin olmalıdır ki, borclarını vaxtında düzgün özünə əlavə yük yaratmadan xidmət edə biləcək. Eyni zamanda borcalan da məsuliyyətini dərk etməlidir. Bilməlidir ki, borcu vaxtında qaytarmalıdır. Hər iki istiqamət üzrə- həm banklarla, həm də əhalinin maliyyə savadlılığını artırmaqla bağlı iş gedir”.

Rəşad Orucov avtomobil kreditləri ilə bağlı məsələyə də aydınlıq gətirib. O, Mərkəzi Bankın avtomobil kreditləri verilməsi şərtlərinin asanlaşması ilə bağlı hər hansı məsələni nəzərdən keçirmədiyini vurğulayıb: “Hesab edirik ki, bazar yeni tələblərə adaptasiya olunaraq fəaliyyət göstərməlidir. Buna görə də bu, gündəlikdə olan məsələ deyil”.

Naibə QURBANOVA


Müəllif: