12 Noyabr 2021 11:44
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bu gün İstanbulda Türk Şurası dövlət başçılarının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə toplantısı keçiriləcəyini vurğulayıb: “Strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirirlər. Azərbaycan və Mərkəzi Asiyada yerləşən türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar.

Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistanla oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək”.

İqtisadçı xatırladıb ki, ötən Zirvə görüşündə qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağı xüsusi müzakirə olunmuşdu: “Azərbaycanın Vətən Müharibəsindəki Zəfərindən sonra regiondakı düzən də dəyişib. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini daha da artıracaq.

Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.


Müəllif: Yeganə Oqtayqızı