“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvəsi (Türk Şurası) türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti və müəyyən ənənələrə əsaslanan həmrəyliyini daha da gücləndirmək məqsədi ilə yaradılıb. Digər məqsəd şuraya üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq kimi prinsiplərin bərabərhüquqlu təmin olunmasıdır”.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı zirvə toplantısının kifayət qədər iqtisadi faydalarının olduğunu diqqətə çatdırıb: “İstənilən bərabər şərtlər daxilində yaradılmış qurumlarda iqtisadi fəaliyyətin də bərabər şəkildə təmin olunması əlverişlidir.
Şura kifayət qədər ümumi daxili məhsula (ÜDM) sahib olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirir. Bu da digər üzv ölkələrin payının yuxarı olmasına imkan yaradır. Eyni zamanda iqtisadiyyatın müxtəlif sektorları üzrə fəaliyyətin təmin olunması, ixrac potensialı olan ölkələrdə məhsulların ixracı yönündə əlavə fürsətlər ortaya qoyur. Həmçinin digər ölkələrin təcrübələrinin öyrənilməsi və daha yaxşı əməkdaşlığın qurulması baxımından da əlavə imkanlara yol açılır. Paralel olaraq logistik fəaliyyətin təmin olunmasında qarşılıqlı güzəştlərin tətbiqi baxımından da vacibdir”.
Eldəniz Əmirov deyir ki, Zəngəzur dəhlizi türk dünyasının birləşməsində xüsusi rol oynayacaq: “Zəngəzur dəhlizinin yaradılması regionda əməkdaşlığı daha da gücləndirəcək. Bu dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Hazırda regionda həyata keçirilən beynəlxalq və regional layihələr türkdilli dövlətlər arasında bağlılığa öz töhfəsini verməkdədir. Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcək. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq”.
Analitik Şura daxilində alt şuraların təsis olunduğunu da vurğulayıb: “Alt şuralar daha kommunikativ və effektiv əlaqə sisteminin qurulmasına xidmət edir. Türk Şurası çərçivəsində idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi , tranzit yüklərin daşınması, ümumiyyətlə, logistik fəaliyyətin səmərəli təmin olunması mümkündür. Bu sahələri təmsil edən rəhbər şəxslərin şura çərçivəsində görüşməsi, həmin istiqamət üzrə əlaqələrin qurulmasında effektivliyi artırar. Bu, iqtisadiyyatın bütün sahələri üzrə keçərlidir. Sadəcə olaraq bəzi ölkələr üçün bu şuranın effektivliyi bir sahə üzrə daha çox, üzv ölkələrdən digəri üçün isə daha az ola bilər. Amma bütün hallarda bu tip şuralarda üzv ölkələr üçün spesifik cəhətlər var”.
Eldəniz Əmirov bu şuraların tək iqtisadi deyil, böyük siyasi əhəmiyyətinin olduğunu da qeyd edib: “Üzv ölkənin beynəlxalq mövqeyin qorunması, xarici siyasət xəttinin digər üzv ölkələr tərəfindən dəstəklənməsi, o cümlədən təhlükəsizliyin təmin olunmasında bu şuraların rolu böyükdür.
Təcrübə onu göstərir ki, qloballaşan dünyada yaradılmış beynəlxalq şura və ya qurumlar daxilində olan fəaliyyətlər mövcud münasibətlərin təkmilləşdirilməsinə və ya hansısa problemlərin həllinə yönəlir. Buna görə də hansısa şuraya üzv olmaq ölkələrə əlavə üstünlüklər qazandırır”.