“Enerji qiymətlərində artımın və ya tədarük məhdudiyyətlərinin davam edəcəyi təqdirdə inflyasiya uzun müddət yüksək səviyyədə qala bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristina Laqarde deyib.
Laqarde Avrozonada iqtisadiyyatın üçüncü rübdə 2,2 faiz böyüdüyünü xatırladıb: “Ümumi Daxili Məhsulun (ÜDM) il sonuna qədər yeni növ koronavirus (COVID-19) epidemiyasından əvvəlki səviyyələrə çatacağını gözləyirik.
İstehlakçı xərclərinin güclü olmasına baxmayaraq, material, avadanlıq və işçi qüvvəsi çatışmazlığı istehsala təsir edir və yaxın müddətli iqtisadi perspektivi zəiflədir. Təchizat məhdudiyyətləri çox güman ki, bir neçə ay davam edəcək və 2022-ci ildə tədricən azalacaq”.
AMB başçısı oktyabrda inflyasiyanın gözləniləndən çox artaraq 4,1 faizə yüksəldiyini deyib: “İnflyasiyadakı yüksəliş enerji qiymətlərindəki artım, iqtisadiyyatın yenidən açılması ilə bağlı olaraq tələbin canlanması və Almaniyada keçən il tətbiq edilən müvəqqəti ƏDV endirimlərinin sona çatması ilə əlaqədardır.
Gələn il inflyasiyanın azalacağını gözləyirik. Ancaq inflyasiyadakı enişin əvvəlki gözləntilərdən daha uzun sürəcəyini təxmin edirik. Enerji qiymətlərindəki artım və ya tədarük məhdudiyyətləri davam edərsə, inflyasiya indiki gözləntimizdən daha yüksək qala bilər. Bu, daha yüksək maaşları, sonra da yüksək qiymətləri ehtiva edir”.
Qeyd edək ki, Avrozonada illik inflyasiya oktyabrda 4,1 faizə çataraq son 13 ilin ən yüksək səviyyəsində olub. Avropada təbii qaz və elektrik kimi enerji məhsulları başda olmaqla ümumi qiymət artımı da diqqət çəkir.