Milli Məclisdə “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam edir.
Teleqraf.com xəbər verir ki, hazırda Mərkəzi Bankın sədri Elman Rüstəmov deputatlar qarşısında çıxış edir.
Bank sədri deyib ki, manatın məzənnəsi olduğu kimi saxlanılıb, manatın möhkəmlənməsi prosesi davam edib.
O qeyd edib ki, Mərkəzi Bankın sentyabrda keçirdiyi sorğunun nəticələri göstərir ki, əhalinin çox az hissəsi inflyasiya gözləyir. Ona görə ki, bu, iqtisadiyyatda müşahidə olunan inkişafla bağlıdır.
Mərkəzi Bankın sədri bildirib ki, son iki ildə müşahidə olunan pandemiya yalnız səhiyyə sahəsində problem yaratmayıb: "Bu il ölkədə fiskal sabitlik təmin edilib. Dövlət borcunun səviyyəsi məqbuldur, tədiyyə balansı profisitlidir. Azərbaycanın milli valyutasının məzənnəsi sabitdir. Cari ilin əvvəlindən pul bazası artıb. Bütövlükdə iqtisadi artımın bərpası və infilyasiyanın sürətlənməsi baş verir”, - Rüstəmov qeyd edib.
Elman Rüstəmov əlavə edib ki, həm Mərkəzi Bankın proqnozlarına, həm də beynəlxalq ekspertlərin qənaətinə görə, ərzaq inflyasiyası daha uzunmüddətli ola bilər: “Buna səbəb qlobal tələbin yüksək olması, quraqlıq, iqlim dəyişikliləri, Çin və Hindistan kimi ölkələrdə tələbatın artımı, digər səbəblərdir. Ona görə hesab edirik ki, ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət edilməlidir. Ərzaq təminatı zəncirinə daxil olan hər şey azad rəqabət prinsiplərinə açıq olmalıdır. Hesab edirəm ki, cənab prezident süni qiymət artımı deyəndə bu amili nəzərdə tutur. Rəqabət rejimi genişlənməlidir”.
Baş bankir deyib ki, 2022-ci ildə bank sektorunda dayanıqlıq əsas diqqət mərkəzində olacaq: “Bu istiqamətdə işlər görürük”.