17 Noyabr 2021 17:13
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Mərkəzi Bankı lirəyə nəzarəti itirib. Ölkədə bu gün baş verənlər əslində ixracın dəstəklənməsi məqsədi ilə deyil, sadəcə uydurulmuş bir fəlsəfəyə uyğun aparılır. Türkiyə iqtisadiyyatı üçün mövcud vəziyyət heç də ürəkaçan deyil”.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

O bildirib ki, dolların bilərəkdən ucuzlaşdırılması mövqeyinin ortaya qoyulmasının müxtəlif səbəbləri olur: “Bəzi ölkələr öz ixrac potensialını gücləndirmək, məhsullarının xarici bazarlarda rəqabətliliyini artırmaq və daha aşağı qiymətə başa gəlməsini təmin etmək məqsədilə öz milli valyutalarını qismən ucuzlaşdırır. Bu, nəzarət olunan ucuzlaşmadır. Bu halda daxili bazarlarda inflyasiya səviyyəsi tənzimlənə bilir.

Dolların bilərəkdən ucuzlaşdırılmasının digər səbəbi borclanma ilə bağlıdır. İqtisadiyyatda problemlər yaranır və borc yükünün qarşılanması mümkün olmur. Belə hallarda hökumətlər pul emissiyasına gedir, yəni mərkəzi banklar borcu qaytarmaq üçün pul kəsirlər. Bazarda pul kütləsinin artması, pulun dəyərsizləşməsinə gətirib çıxarır.

Bir də var ki, iqtisadiyyatın özünün büdrəməsindən, düzgün olmayan idarəetmədən qaynaqlanan devalvasiyalar. Türkiyədə hazırda bunu müşahidə edirik. Ölkədə faktiki olaraq son 3 ildə institusional problemlər ortaya çıxıb. Türkiyə Mərkəzi Bankı (TMB) müstəqilliyini itirib və bankın üzərində çox ciddi təzyiqlər var. Son iki ay ərzində TMB bazarda mövcud olan şərtlərin ziddinə siyasət həyata keçirir.

Artıq Türkiyədə inflyasiya 20 faizin üzərindədir, istehsal qiymətlərində artım 40-50 faiz ətrafındadır. Belə olan halda Mərkəzi Bank uçot dərəcəsini azaltma istiqamətində qərarlar qəbul edir. Bu istiqamətdə sonuncu ən sərt qərarı isə uçot dərəcəsini 2 faiz bəndi azaldaraq 18 faizdən 16 faizə salması oldu. Bu bir daha sübut etdi ki, Mərkəzi Bank pul-kredit (monetar) siyasətini həyata keçirməkdə müstəqilliyini tam itirib. Bunun fonunda türk lirəsi dəyərsizləşməkdə davam edir. Dolayısı ilə ABŞ dollarının bazarda güclənməsi qismən də olsa, buna təsir göstərir”.

Analitik qeyd edib ki, TMB-nın növbəti toplantıda uçot dərəcəsi aşağı salacağı ehtimal olunur: “Demək olar ki, Türkiyə lirəyə nəzarəti tamamilə itirib. Bu, paralel olaraq sürətli inflyasiyanı gətirir və ölkənin yoxsullaşmasına səbəb olur. Çünki ölkənin sərvəti valyuta ilə ölçülməlidir. Xüsusilə inteqrasiya olunmuş iqtisadiyyatlarda xarici bazarlarda real dəyərin müqayisəsi valyuta ilə aparılır.

Valyuta ilə müqayisə aparılanda faktiki olaraq hər bir türk vətəndaşının aldığı əməkhaqqı, pensiya, müavinət, Türkiyənin dövlət büdcəsinin həcmi, ümumi daxili məhsulunun (ÜDM) həcmi, o cümlədən adambaşına istehsal olunan ÜDM-un həcmi, milli gəlirin adambaşına düşən faizi valyuta ilə ifadədə kəskin şəkildə dəyərsizləşir. Bu, artıq iqtisadiyyatda kəpənək effekti ilə orta və uzunmüddətli dövrdə çox ciddi sarsıntıların bazasını formalaşdırır. Düşünürəm ki, indiki halda Türkiyə iqtisadiyyatı üçün mövcud vəziyyət orta və uzunmüddətli dövrdə heç də ürəkaçan deyil”.

Rəşad Həsənovun sözlərinə görə, milli valyuta məzənnəsinin mütəmadi ucuzlaşmasında stimul bir yerə qədər olur: “Stimullaşdırma ilə bağlı vəziyyət o halda effektiv olur ki, ölkənin ixrac potensialı müvafiq nisbətdə artır. Yəni, əgər ixrac potensialı hökumətin ortaya qoyduğu valyuta siyasəti ilə uzlaşmırsa, bu zaman əks proses baş verir. Burada qızıl tarazlığın təmin edilməsi çox vacib məsələdir. Türkiyədə bu gün baş verənlər əslində ixracın dəstəklənməsi məqsədi ilə deyil, sadəcə uydurulmuş bir fəlsəfəyə uyğun olaraq, guya orta və uzunmüddətli dövrdə inflyasiyanın həcminin azaldılması məqsədilə aparılır. Bu faiz endirimləri bu günə qədər heç bir nəzəriyyə ilə təsdiqlənməyib. Son iki ayda Türkiyədə faiz azaldılmasından sonra baş verən sürətli qiymət artımları da bunu bir daha sübut edir”.

Müsahibimiz deyir ki, Türkiyə milli valyutasının məzənnəsini sabit saxlamaq üçün bütün inzibati üsullardan istifadə edib: “Dövlət və kommersiya banklarına, iş adamlarına valyuta satılır təzyiqlər olur. Eyni zamanda Mərkəzi Bank 2019-cu ildə 128 milyon dollar həcmində valyuta satışı həyata keçirmişdi, amma heç bir nəticə əldə edə bilmədi. Çünki inzibati üsullarla məzənnənin saxlanması o qədər də mümkün deyil. Bunun arxasında iqtisadiyyat dayanmalıdır. Görünən ondan ibarətdir ki, inzibati tədbirlər hökumət və biznes arasındakı bağlantılara da mənfi təsir göstərir, hökumətin güvən indeksini aşağı salır”.

Türkiyə Mərkəzi Bankının (TMB) uçot dərəcəsini bir qədər də azaldacağına dair gözləntilər fonunda 1 ABŞ dolları 10,45 lirəyə bərabər olub.

Qeyd edək ki, lirənin kəskin ucuzlaşması ötən ayın ortalarında TMB-nin üç vəzifəli şəxsinin, o cümlədən sədrin iki müavinin işdən çıxarılması fonunda başlayıb. Oktyabrın sonunda isə tənzimləyici qurum uçot dərəcəsini 18 %-dən 16 %-ə endirib. Bundan sonra milli valyutanın ucuzlaşması sürətlənib.


Müəllif: Yeganə Oqtayqızı