18 Noyabr 2021 11:59
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmaq hüququ verilməlidir”.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində büdcə müzakirələri zamanı deputat Vüqar Bayramov çıxış edib.

O bildirib ki, bir sıra hallarda vətəndaşlar kifayət qədər yüksək əməkhaqqısı olan sektorda (məsələn, neft, maliyyə və s.) çalışır və nisbətən böyük pensiya kapitalına malik olur: “Amma pensiya kapitalından istifadə etmək üçün pensiya yaşının (hazırda kişilər üçün 65, qadınlar üçün 62 il 6 ay) gözləmək məcburiyyətində qalır. Təklifim isə həmin şəxslərə vaxtından əvvəl pensiya çıxmaq hüququnun verilməsi və onların öz kapitallarından daha uzun müddət istifadə imkanlarının tanınmasıdır”.

Maraqlıdır, vaxtından əvvəl pensiyaya çıxmaq mümkündürmü? Bu, hansı hallarda reallaşa bilər?

Deputat qeyd edib ki, beynəlxalq praktikada pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları var: “Bəzi ölkələrdə bu, hətta pensiya kapitalına bağlanır. Orta pensiya kapitalından çox yığımları olanlar artıq vəsaitini öncədən almaq hüququn malik olurlar və bu zaman artıq yığılmış vəsait aylar üzrə hesablanmaqla vətəndaşa qaytarılır. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya almaq imkanı qazanırlar.

Digər metod isə pensiyada olan ayların sayının azaldılması və artırılması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı artıq müzakirələr aparılır. Bu daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara tətbiq edilə bilər”.

Vüqar Bayramov deyir ki, mövcud qaydalara əsasən, 144 ay orta pensiya müddəti kimi götürülür: “Yəni 12 il x 12 ay = 144 ay. Amma əgər təklif qəbul olunarsa, o zaman vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxmaq istəyirsə, 144 deyil, bu halda həmin beş il üçün nəzərdə tutulan 144-ün üzərinə (5x12) 60 ay gələcək. Yığılmış pensiya kapitalı 204 aya bölünəcək. Bu, vətəndaşın 5 il tez, yəni 60 yaşında pensiyaya çıxmasına imkan verə bilər. Amma bu halda yığım 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər.

Büdcə müzakirələri zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə müzakirələrin davam etdiriləcəyini bəyan etdi. Deməli, Azərbaycanda pensiya yaşı tamam olmadan pensiyaya çıxmaq imkanı reallaşa bilər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər