Qarabağda turizmin inkişafı ilə bağlı Dövlət Turizm Agentliyi tərəfindən layihə hazırlanıb. İşağaldan azad olunan ərazilərdəki turizm resursları və obyektləri bu layihə əsasında qiymətləndiriləcək.
Bunu Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, prosesə Türkiyədən ekspert və mütəxəssislərin dəvət olunması da nəzərdə tutulur.
"Bundan başqa, işğaldan azad olunmuş ərazilərlə bağlı ilk günlərdən etibarən turizm strategiyası hazırlanıb və strategiyaya uyğun olaraq turizm marşrutlarının konsepsiyası hazırlanaraq müvafiq orqanlara təqdim edilib. İlk olaraq, "Yolumuz Ağdama", "Yolumuz Füzuliyə" və "Yolumuz Xocavəndə" adlı turizm marşrutlarının konsepsiyası işlənib. Bunun əsasında gələcəkdə işğaldan azad olunan ərazilərə turist səfərlərinin açılacağı gündən etibarən müəyyən turların təşkili nəzərdə tutulur. Bu da sözsüz ki, gələcəkdə biznes tərəfindən əsas götürülə bilər" - deyə, qurum rəsmisi bildirib.
E.Cavadov onu da əlavə edib ki, Ağdam şəhərində Dövlət Turizm Agentliyinin iştirakı ilə müəyyən infrastruktur işləri aparılıb. "Yolumuz Ağdama" marşrutu çərçivəsində işarələnmələr həyata keçirilib, Şahbulaq Qalası ətrafında turizm infrastrukturunun yaradılması ilə bağlı təkliflər verilib.
"Hər bir rayon üzrə şəhərsalma işçi qrupu tərəfindən nəzərdə tutulan baş planlara rəylər və təkliflər verilir. Burada turizm imkanları ilə bağlı konkret məsələlər qaldırılır. Agentlik tərəfindən ərazilərdə turizm və represiya zonalarının yaradılması ilə bağlı işlər aparılır. Sözsüz ki, burada turizmin inkişafı gələcəkdə ərazilərin təhlükəsizliyinin tam təmin olunması fonunda baş verəcək. Bu vaxta qədər də həmin ərazilərdə zəruri infrastruktur layihələri icra edilir. Bu layihələrin gələcəkdə turizmin daha da inkişaf etdirilməsi ilə əlaqələndirilməsi bizim üçün çox vacibdir və işimizi bu istiqamətdə aparırıq" - deyə, o qeyd edib.