“Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu da 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması deməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Bu gün Ağdam rayonunun erməni işğalından azad olunmasından bir il keçdiyini xatırladan deputat qeyd edib ki, erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış şəhər yeni quruculuq mərhələsinə qədəm qoyub:
“İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi. İşğaldan əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdi. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 27 il ərzində cəmi 17 min sahədə əkin aparılıb.
Ağdam rayonun torpaqlarının 92 faizi əkin üçün yararlıdır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istesal olunub. Son 4 ildə ölkəmizin nəzarətində olan Ağdam kəndlərində məhsul istehsalı 70 faizdən çox artıb”.
Vüqar Bayramov artıq rayonunun Baş Planının təsdiq olunduğunu da vurğulayıb: “Baş Plana əsasən, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. İşğaldan əvvəl rayonda istehsal edilən məhsullar keçmiş SSRİ-də brend olub. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi. Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması anlamına gəlir.
Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi proqnozlaşdırılır. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxili, bir qisminin də xaricə ixrac edilməsi nəzərdə tutulur”.
İqtisadçının sözlərinə görə, böyük turizm potensialına malik olan Ağdam rayonu təbiəti və tarixi abidələri turist cəlb etmək baxımından üstünlüyə malikdir: “Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Rayon istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq. Bu da Ağdamın qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir”.