24 Noyabr 2021 12:02
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müstəqillik illərinin milli valyuta ifadəsində ən böyük büdcəsində ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq. Büdcə xərclərinin 46.4 faizinin sosial istiqamətə yönəldilməsi gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından xəbər verir. Bu gələn il yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir”.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2022-ci ilin Dövlət Büdcəsi" layihəsinin müzakirələri zamanı deputat Vüqar Bayramov çıxış edib.

Deputat qeyd edib ki, gələn il büdcəsində mühüm məqamlardan biri də Azərbaycanda sosial xərclərin ÜDM-də payının gələn il 16 faizdən çox olacağıdır: “Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16.0 %, İrlandiyada 13.4 %, Koreyada 12.6 %, Çilidə 12.2 %, Türkiyədə 12.0 %, Meksikada 7.5 faizdir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir. Gələn il adambaşına düşən büdcə xərci cari məzənnə ilə 1757 dollar olacaq və göstəriciyə görə Azərbaycan əksər MDB ölkələrini geridə qoyacaq”.

Vüqar Bayramov hesab edir ki, gələn il üçün proqnozlaşdırılan 3 milyard 63 milyon manatlıq büdcə kəsirinin inflyasiya yaradıcı effektləri minimumlaşdırılması ilə bağlı digər fiskal alətlərdən istifadə olunması vacibdir: “Növbəti ildə yeni sosial paketin icrasını da nəzərə alsaq bu məsələ 2022-ci ildə aktuallığını qoruyub saxlayacaq.

Həmçinin 2022-ci ilin dövlət büdcəsindən bələdiyyələrə 11 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Ölkədə 1771 bələdiyyənin olduğunu nəzərə alsaq orta hesabla hər bələdiyyə illik 6 min manat, aylı 1 500 manat alacaq. Bələdiyyələrin kənar maliyyə mənbələrinin məhdud olduğunu nəzərə aldıqda bu məbləğin az olması onların institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Bu baxımdan, həmin vəsaitin məbləğinə baxılması məqsədəuyğun olardı.

Xərclərin ölçülə bilən və səmərəlilik qiymətləndirmə meyarlarının işlənib hazırlanması və büdcə paketi ilə birlikdə təqdim olunması məqsədəuyğun olardı”.

İqtisadçı onu da vurğulayıb ki, nəticə əsaslı büdcədə əhatə olunan 3 sektor üzrə bütün proqramlarla bağlı məlumatların müfəssəl təqdim olunmasına ehtiyac var: “Şəffaflığın daha da genişləndirilməsi üçün xərc maddələr üzrə həyata keçirilən işlərin konkret nəticələrinin “performance budget” prinsipinə uyğun hazırlanıb və təqdim olunması məqsədəuyğun olardı.

Səhiyyə və elm xərclərində artımların nəzərdə tutulmasına baxmayaraq bu xərclərin ÜDM-də payı aşağı olaraq qalmaqdadır. Qeyd edək ki, səhiyyə xərclərinin ÜDM-də payı Rusiyada 5.6 %, Türkiyədə 4.3 faizdir. Ölkəmizdə bu rəqəm 2.1 faizdir. Gələn il elm xərclərinin ÜDM-də xüsusi çəkisi cəmi 0.2 faiz proqnozlaşdırılır. 2021-ci illə müqayisədə 10.6 faiz artsa da belə elm xərcləri makro-iqtisadi göstəricilərdə marjinal paya malikdir. Qeyd edək ki, elm xərclərinin ÜDM-də payı Rusiyada 1.0, Türkiyədə 1.1 faiz, dünya üzrə ortalama 2.2 faizdir. Bu isə o deməkdir ki, sözügedən iki xərcin ÜDM-də çəkisinin artırılması və beynəlxalq ortalama standartlarına çatdırılması üçün maliyyələşmənin genişləndirilməsi məqsədəuyğun olardı”.

Vüqar Bayramov hesab edir ki, 2017-ci ildən etibarən manatın məzənnəsinin stabil qalması pozitiv haldır: “Amma Mərkəzi Bank tərəfindən ötən müddətdə manatın alıcılıq qabiliyyətinin necə dəyişdiyi qiymətləndirilibmi və büdcə proqnozlaşdırılmasına nəzərə alınırmı?

Bankların 15 milyard 538 milyon manatlıq kredit portfelinin 12 milyard 104 milyon manatı Bakı şəhərinin payına düşür. Bu ümumi kredit portfelinin 78 faizi deməkdir. Mərkəzi Bank bu disbalansın aradan qaldırılması üçün hansı stimullaşdırıcı tədbirlər həyata keçirmək niyyətindədir?

Bundan əlavə Füzuli rayonunda keçmiş təmas xəttində yerləşən və 1994-cü ildə Milli Liderimizin rəhbərliyi ilə işğaldan azad olunan kəndlərində yaşayış olsa da, torpaq islahatları aparılmayıb. Artıq həmin kəndlər təmas xətti sayılmır və həmin kəndlərdə torpaq islahatının aparılması nəzərdə tutulurmu?”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər