“Türkiyə lirəsi tək dollar qarşısında yox, digər valyutalara nisbətdə də dəyər itirməkdədir. Lirənin sürətlə ucuzlaşması Türkiyə iqtisadiyyatında vəziyyətin qeyri-qənaətbəxş olduğunu göstərir. Əvvəllər də lirənin ABŞ dolları qarşısında ucuzlaşmasına şahid olmuşuq. Amma bu, müəyyən bir vaxt çərçivəsində davam edib və sonradan lirənin öz gücünü bərpa etdiyinə şahid olmuşuq. Amma indi proses çox sürətlə və dərinə gedir. Bu isə ciddi narahatlıq doğurur. Çünki Türkiyə iqtisadiyyatı çox güclü rəqabət imkanlarına malikdir”.
Bunu Teleqraf.com-a iqtisadçı Pərviz Heydərov deyib.
O, qeyd edib ki, Türkiyə enerji idxalından asılı olsa da, çox güclü qeyri-neft-qaz sektoruna malik sənayeyə, emal və digər iqtisadi sektorlara sahibdir: “Belə bir ölkədə milli pul vahidi sürətlə ucuzlaşırsa, sonra bunu nəticəsinin daha yaxşı olacağını demək bir qədər absurddur. Hazırda Türkiyə hökumətinin siyasəti çox da başadüşülən deyil. Məlumdur ki, uzun müddət davam edən pandemiya şəraiti ilə bağlı qlobal iqtisadi artım azaldı. Türkiyənin də bu vəziyyətdən itkisiz çıxdığını demək olmaz.
Pandemiyadan çıxandan sonra öz iqtisadiyyatını dirçəltməyə çalışan ölkələrin siyasəti ilə Türkiyənin həyata keçirdiyi siyasət tam fərqli oldu. Lirənin sürətlə ucuzlaşdığı bir şəraitdə Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artırmaq əvəzinə, aşağı saldı. Bu, başadüşülən məqam deyil. Adətən mərkəzi banklar tərəfindən milli pul vahidinin dəyərinin düşünülmüş şəkildə aşağı salınması, ölkə iqtisadiyyatını canlandırmaq məqsədi ilə həyata keçirilən bir siyasətdir. Amma Türkiyə iqtisadiyyatının təzyiqlərlə üz-üzə olduğu bir məqamda həyata keçirilmirsə, bu, əks effekt göstərə bilər. Real şərait də onu göstərir ki, əksinə nəticə verir”.
Analitik ölkə iqtisadiyyatının kənar təzyiqlər altında olduğunu vurğulayıb: “Təbii ki, lirənin kəskin ucuzlaşmasında siyasi amillər də rol oynayır. Bundan əlavə, Türkiyənin əsas gəlir mənbələrindən biri turizm sektorudur. Amma pandemiya turizmi bütün ölkələrdə tamamilə məhv edib. Doğrudur, bu il müəyyən bərpa prosesləri getdi, amma Türkiyə turizminin pandemiyadan əvvəlki vəziyyətə qayıtması üçün bir xeyli vaxt lazımdır. Ona görə də Türkiyənin bu sahədə də valyuta gəlirləri azalıb. Üstəlik, ölkənin enerji resursları ilə təmin olunmasına külli miqdarda valyuta çıxır, həmçinin xarici investorlar ölkədə aktiv deyil. Hələ illər öncə bu sahədə zəiflik müşahidə olunurdu.
Bütün bu proseslər fonunda Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması heç bir şəkildə iqtisadi aktivliyi canlandıra və ölkənin iqtisadi potensialını genişləndirə bilməz. Türkiyənin bu ziddiyyətli siyasəti anlaşılan deyil”.
Pərviz Heydərov hesab edir ki, türk lirəsinin ucuzlaşması davam edəcək: “Əgər ölkənin xarici valyuta gəlirləri çoxluq təşkil etməsə, lirənin kəskin ucuzlaşması davam edəcək. Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nəhyanın Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfəri gözlənilir. Nahyanın Türkiyəyə 10 milyard dollar sərmayə qoyacağı ehtimal olunur.
Sonda biz o vəziyyətin şahidi ola bilərik ki, Türkiyə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi maliyyə qurumlarına borc üçün əl açsın. Bu, Türkiyə üçün arzuolunmaz yanaşmadır. Bu, həm də dövlətin xarici borc yükünü artırır. Bu ilin sonunda Türkiyə müqavilə əsasında götürdüyü borcun xeyli hissəsini qaytarmalıdır. Bu zaman ölkədən bir qədər də valyuta çıxacaq”.