17 Noyabr 2014 14:05
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi vergi ödəyiciləri üçün daha bir xidmət mərkəzini istifadə verib. Nazirliyin analitik-informasiya mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Bakı Şəhər Vergilər Departamentinin yeni Vergi ödəyicilərinə xidmət mərkəzi Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 276 ünvanında yerləşir.

Xidmət mərkəzində fiziki və hüquqi şəxslərin elektron qeydiyyatının aparılması, nəzarət-kassa aparatlarının, təsərrüfat subyektinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, fəaliyyətin bərpası, dayandırılması, xitam verilməsi, uçot məlumatlarında dəyişiklik, bəyannamələrin, hesabat və arayışların göndərilməsi, bankda hesabın açılması, e-vergi hesab-fakturalarının göndərilməsi, məktub və ərizələrin göndərilməsi, “ASAN imza”nın, habelə istifadəçi kodu, şifrə və parolun əldə edilməsi və dəyişdirilməsi və s. məsələlər üzrə xidmətlər göstərilir.

Mərkəzdə vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, müraciət edənlərə büdcəyə olan borclarının öyrənilməsi və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı yaradılır, vergilərə aid ərizə və hesabat formalarının, buklet və başqa nəşrlərin verilməsi təmin edilir. Xidmət mərkəzi iş günləri saat 09:00-dan saat 18:00-dək fasiləsiz fəaliyyət göstərəcək.

Naibə QURBANOVA


Müəllif: