9 Dekabr 2021 17:13
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq, gələn il əsasən minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur. Bundan əlavə, 2022-ci il dövlət büdcəsinin 46.4 faizini sosial yönümlü xərclər təşkil edəcək. Dəyişikliyə əsasən, minimum əməkhaqqı 250 manatdan 300 manata qaldırılacaq. Bu o deməkdir ki, nə dövlət, nə də özəl sektorda heç kim 300 manatdan aşağı əməkhaqqı verə bilməz.

Təxmini hesablamalar göstərir ki, hazırda ölkədə məşğul əhalinin 85 faizə yaxını özəl sektorda çalışır. Belə nəticəyə gəlmək olar ki, nəzərdə tutulan maaş artımı dövlət sektorunu əhatə edəcək.

Maraqlıdır, bu tənzimləmələr özəl sektorda necə təsir edəcək? Nəzərdə tutulan maaş artımından kimlər qazanacaq, kimlər itirəcək?

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, son dönəmdə dünya iqtisadiyyatını narahat edən əsas məsələlərdən biri inflyasiyadır.

O hesab edir ki, Azərbaycanda inflyasiya ciddi şəkildə müşahidə olunur: “Ümumi qiymətlərlə yanaşı, ərzaq qiymətləri də sürətlə artır. Ölkədə pərakəndə xərclərin təxminən 50 faizə yaxınını ərzaq xərcləri təşkil edir. Ötən ayın qlobal ərzaq qiymətləri indeksinə baxanda bahalaşmanın tam dayanmadığını görmək olur. Hər ay ərzaq qiymətlərində artım müşahidə olunur. Bu da Azərbaycan bazarlarına idxal vasitəsilə daxil olur və bu, belə də davam edəcək.

Qiymət artımı hələ stabilləşməyib. Bu məqsədlə hökumət inflyasiyanın təsirlərini aradan qaldırmaq üçün büdcədə müəyyən artımlar nəzərdə tutub. Gələn il minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərin artırılacağı gözlənilir.

Təbii ki, hökumət özəl sektora “əmək haqqını artır” kimi tapşırıq verə bilməz. Bu, məcburi deyil, şirkətlərin daxili qaydaları ilə tənzimlənir. İstənilən halda minimum əməkhaqqılarının artması özəl sektorda da əmək haqlarının artmasına təsir göstərəcək”.

Təhlilçinin sözlərinə görə, dövlət büdcəsindən əmək haqlarının artırılmasının əmək bazarına dolayı təsirləri olacaq: “Növbəti ildən minimum əməkhaqqının təqribən 20 faiz artırılması gözlənilir. Bu, xüsusən də özəl sektorda aşağı əməkhaqqı ilə çalışan işçilərin gəlirlərinin artması deməkdir. Dövlət əməkhaqqını artırdığı üçün sahibkarlar öz üzərində bir sosial məsuliyyət də duyacaqlar. Təbii ki, sahibkarlar da inflyasiyadan xəbərdardırlar və işçilərinə real ifadədə daha az əməkhaqqı verdiklərinin fərqindədirlər. Dövlət əmək haqlarını artıranda psixoloji basqı yaranır, eyni zamanda işçilər tərəfindən müəyyən gözləntilər yaranır. Bu da özəl sektorda əməkhaqqının müəyyən dərəcədə artımını stimullaşdıra bilər. Bu, eyni zamanda əmək bazarında da rəqabətlilik yaradacaq. Bu təzyiq altında aşağı əmək haqqı verən şirkətlər özlərini formalaşdıracaq”.

Xalid Kərimli deyir ki, nəzərdə tutulan artımların özəl sektorda neçə faiz olacağını öncədən demək mümkün deyil: “Minimum əmək haqqının artırılmasının təsirləri hiss olunacaq. Yəni işçilərin gözləntisi, üstəlik sahibkarların bu vəziyyətdən halı olması nəticəsində könüllü əməkhaqqını artımı stimullaşacaq. Əmək bazarındakı yeni şərait özəl sektorda əmək haqlarının artmasına imkan verəcək. Maaşların nə qədər artacağını sadəcə proqnozlaşdırmaq olar.

Dövlətin sosial xərcləri artırmasının bir müsbət tərəfi isə alıcılıq qabiliyyətinin artıracaq. Bu da özəl sektora öz məhsullarını istədiyi qiymətə sata bilməsinə imkan verəcək. Dövlətin özəl sektor üçün sadəcə minimum əmək haqqı vasitəsi ilə təsir rıçaqı olsa da, qeyd etdiyim əmək bazarında yaranmış şərtlər, gözləntilər, dolayı və psixoloji amillər özəl sektorun əmək haqlarında artım müşahidə olunmasına gətirib çıxaracaq”.


Müəllif: Yeganə Oqtayqızı