ARDNŞ-nin Türkiyədə ən böyük aktivi olan “Petkim” neft-kimya holdinqi illik istehsal gücünü 13% artıraraq 3,2 milyon tondan 3,6 milyon tona çatdırıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu göstərici etilen və PTA zavodlarına 144 milyon dollar sərmayə qoymaqla əldə olunub. Etilen zavodunun illik istehsal gücü 520 min tondan 588 min tonadək artırılıb.
“Petkim”in baş direktoru Sadəddin Qorqud bildirib ki, istehsal gücünün artımı ilə şirkətin müəssisələrində təbii qaz sərfi azalacaq, məhsuldarlıq və mənfəət isə artacaq. O, külək elektrik stansiyası və Petkim konteyner limanı layihələri ilə bağlı intensiv iş getdiyini, gələn ilin sentyabr ayında artıq limana ilk gəmilərin yanaşacağını bildirib.
Külək elektrik stansiyasının tikintisinin 2015-ci ilin sonunda tamamlanması planlaşdırılır. Bu layihənin ilk mərhələsi başa çatdıqdan sonra stansiya şirkətin elektrik enerjisinə olan ehtiyacının 12%-ni ödəyəcək.