16 Dekabr 2021 13:06
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cari ilə rəsmi 2.7 faizlik illik inflyasiya ilə başlanılsa da, bu rəqəm 10 ayda 3 dəfə bənd daha artıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

İqtisadçı Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirib ki, bu ilin ilk 10 ayında inflyasiya 6.2 faiz olub: “Bu, 2017-ci ildən sonra ən yüksək illik rəsmi inflyasiya göstəricisidir. Rəsmi statistikaya əsasən, bu il ərzində bütün aylar üzrə əvvəlki aya nisbətən illik inflyasiya səviyyəsi daha yüksək olub.

Cari ilə rəsmi 2.7 faizlik illik inflyasiya ilə başlanılsa da, bu rəqəm 10 ayda 3 dəfə bənd daha artıb. Komitənin hesablamalarına görə, ərzaq məhsullarının qiyməti daha çox yüksəlib. Belə ki, inflyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub. Noyabr ayında qiymət səviyyəsi əvvəlki ilin uyğun ayı ilə müqayisədə 11,1 faiz çox olub”.

Deputat qeyd edib ki, istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daxili təklifin artırılması və fermerlərin paytaxt bazarlarına çıxışının təşviq edilməsinə ehtiyac var: “Qarşıdan bayram günlərin gəldiyini nəzərə alsaq paytaxtda mütəmadi fermer yarmarkaların təşkili məqsədəuyğun olardı. Bu zaman xərclərin bir hissəsinin, o cümlədən nəqliyyat xərclərinin yerli icra hakimiyyəti orqanları və müvafiq mərkəzi icra hakimiyyəti qurumu tərəfindən qarşılanmasına ehtiyac var”.

Vüqar Bayramovun ilkin proqnozlarına görə, gələn ilin birinci yarısında da dünya bazarında qiymət artımları davam edəcək: “Bu baxımdan, ümumi istehlakda yerli istehsalının payının artırılması prioriteti daha da aktuallaşır. İdxal inflyasiyanın minimumlaşdırılması üçün yerli istehsalın genişləndirilməsi olduqca vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər