Ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının bu günlərdə imzaladığı yeni fərman və sərəncamlar bu istiqamətdə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin etdi. Bu addımlar “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Bu islahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata çatdırılmasının insanların sosial ehtiyaclarının qarşılanması baxımından əhəmiyyətli olduğunu söyləyib: “Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçinin işçini əhatə edəcək. Eyni zamanda dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əməyin leqallaşdırılmasını da stimullaşdırır”.
Millət vəkili hesab edir ki, gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu üstələyəcək: “Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət təqribən 40-41% səviyyəsinə yüksəlib. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur”.
Eldar Quliyevə görə, Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki sərəncam isə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğının növbəti təzahürüdür: “Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20% artmış olacaq. Eyni zamanda gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% artırılır. Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunacaq. Sözsüz ki, bu artımlar təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə edilib”.