Bu ilin noyabr ayında Almaniyada istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,2%, oktyabr ayı ilə müqayisədə isə 101% təşkil edib.
Bu barədə Almaniyanın Federal Statistika İdarəsindən bildirilib.
"İl ərzində Almaniyada qiymətlər 6-cı dəfə artıb və ötən ay illik dinamika ən yüksək səviyyədə olub. Sonuncu dəfə təxminən 30 il bundan əvvəl - 1992-ci ilin iyun ayında illik inflyasiya səviyyəsi 5,8% təşkil edib”, – deyə idarənin rəhbəri Georg Thiel bildirib.
“Meyvə-tərəvəz lüks qidaya çevrilir”
Almaniyada əksər qida məhsulları son 3 ayda əhəmiyyətli dərəcədə bahalaşıb. Təkcə tərəvəzin qiymətlərində orta hesabla 9.2% artım qeydə alnıb. Kərə yağı, süd, yumurta, çörək və spirtsiz içkilər kimi digər məhsullar da hər həftə bahalaşır. Mütəxəssislərin fikrincə, qarşısı alına bilməyən qiymət artımının səbəblərinə xaricdən idxalın azalması da daxildir. Belə ki, koronavirusla (COVID-19) əlaqədar karantin tədbirləri və istehsalın dayandırılması bir çox yerlərdə məhsuldarlığın azalmasına səbəb olub. Nəticədə, Avropa ölkələri arasında ticarət əlaqələri zəifləyib. Bundan əlavə, alman fermerlər pandemiyadan əvvəlki dövlərlə müqayisədə ölkəyə çox az sayda mövsümi işçilər gətirə biliblər. Onların iş şəraiti və sənədləri ilə bağlı bürokratik əngəllər mövsümi işçilərin ölkəni tərk etməsi ilə nəticələnib. İşçi itkisi ilə mübarizə aparan müəssisələrin məhsuldarlığı qat-qat aşağı düşüb. Xüsusilə marketlərdə “regional məhsul” kimi tanınan, Almaniyada yetişdirilən meyvə-tərəvəzin, eləcə də qida məhsullarının az qala 40 %-i xaricdən tədarük edilməyə başlayıb.
“Meyvə-tərəvəz lüks qidaya çevrilir” başlıqlı məqaləsi ilə son aylar ölkədəki qiymət artımına diqqəti çəkən “Tagesspiegel” qəzeti bildirir ki, az gəlirli insanlara, işsizlərə qida məhsulları paylayan “Tafel” təşkilatının şəhərlərdəki mərkəzlərində uzun növbələr yaranıb. “Əvvəllər buraya yaşlı, xəstə və işləməyən şəxslər gəlirdisə, indi vəziyyət tamam dəyişib. Artıq orta gəlirli insanları da burada görmək mümkündür. Onlara qida məhsulları simvolik qiymətə təqdim olunur”- deyə, qəzetin xəbərində vurğulanır.
Yanacaq və elektrik enerjisi bahalaşacaq
Almaniyada gündəlik nəşr olunan “Saarbrücker”qəzeti isə yazır ki, ölkədəki yeni koalisiya hökumətinin 1 saatlıq minimum əmək haqqının 12 avroya yüksələcəyini elan etməsi bir çox sahələrdə qiymət artımına səbəb olub. "“Düzdür, hökumətinin hədəflədiyi 12 avroluq minimum əmək haqqının nə vaxtdan tətbiq ediləcəyi hələ bilinmir. Ancaq görünən oldur ki, hökumət sürətli bahalaşmanı nəzərə alaraq, miminum əmək haqqını mərhələli şəkildə artırmağı planlaşdırır. Yanvarın 1-dən sözügedən göstərici 1 saat üçün 9,6 avrodan 9,82 avroya, iyulun 1-dən yenidən 0,63 avro artırılaraq 10,45 avroya çatdırılacaq”,- deyə, qəzet məqaləsində qeyd edib.
Bu arada, Almaniyadakı İstehlakçı Məsləhət Mərkəzinin məlumatına görə, ölkədə benzinin litri 1,5 sent, dizel yanacağı 1,6 sent, təbii qaz və elektrik enerjisi isə, 0,1 sent bahalaşacaq.
Süpermarket meneceri: “Endirim edə bilmirik”
Almaniyanın böyük süpermarketlər şəbəkələrindən birinin satış meneceri olan Anna Hartmann deyir ki, marketlərə daxil olan qida məhsullarının təkcə qiymətləri artmayıb, həm də çeşidləri azalıb: “Alıcılar daha ucuz məhsulara üstünülük verdiyi üçün, bir qədər baha olanlar rəflərdən yığışdırılır və istehsalçılar da bazara uyğun - daha ucuz qida məhsullarını çıxarmağa çalışırlar. Normalda hər həftə qida məhsullarına endirim edirdik. İndi edə bilmirik. İstehsalçı endirimlə bağlı təklifimizə razı olmur. Ümumiyyətlə son 10 ildə heç vaxt belə bir vəziyyət olmayıb”.
Mütəxəssislərin fikrincə Avropanın lokomotiv ölkəsi olan Almaniyanı 2022-ci ildə daha çətin günlər gözləyir. Onlar illik inflyasiyanın 6 %-i keçəcəyini və sabit qalmayacağını proqnozlaşdırırlar.