Azərbaycan Prezidenti “İqtisadi Zonaların İnkişafı Agentliyinin” yaradılması haqqında fərman imzalayıb.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki fəaliyyət göstərəcək agentlik 65 milyon manatlıq nizamnamə fondu ilə azad iqtisadi zonaların inkişafı ilə bağlı dövlət siyasətini əlaqələndirəcək.
Maraqlıdır, İqtisadi Zonaların İnkişafı Agentliyə niyə ehtiyac var?
Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Agentliyin əhəmiyyətindən danışıb.
O deyib ki, Agentlik yeni azad iqtisadi zonaların yaradılması səlahiyyətinə malik olacaq və onların infrastruktur tələblərini də müəyyənləşdirəcək: “Agentliyin yaradılması ondan xəbər verir ki, yeni azad iqtisadi zonaların yaradılması məsələsi aktuallığını qoruyub saxlayıb.
Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb. İşğaldan azad olunmuş bölgələrimizin bu istiqamətdə potensialı kifayət qədər genişdir. Həmin bölgələrdə yeni və müasir infrastrukturunun formalaşması bu sahədə imkanları daha da genişləndirir.
Deməli, qeyri-neft sektoruna xarici sərmayələrin daha çox cəlb edilməsi üçün yeni azad iqtisadi zonaların yaradılması istisna edilmir. Bu, işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına reinteqrasiyası baxımından da vacibdir”.