“Son bir ayda bir qutu yumurtanın qiyməti çox dəyişdi. L ölçülü 63-72 qramlıq yumurtanın istehsalçıdan çıxış qiyməti bu gün üçün 30-31 lirədir. Bunun məzənnə ucuzlaşmasından əvvəl istehsalçıya xərci 36 lirə idi. Qiyməti 36 lirə olan yumurtanı bazara ən yüksək 37-38 lirəyə təklif etdik, lakin ən münasib bazar qiyməti 40-45 lirə oldu. Eyni yumurtanın 65 lirəyə (8.64 manat) satıldığını görmək bizi də, istehlakçılarımızı da kədərləndirir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Yumurta İstehsalçıları Mərkəz Birliyi (YUM-BİR) sədri İbrahim Afyon deyib.
O bildirib ki, valyuta məzənnəsindəki dalğalanma yumurta qiymətlərinə təsir edir: “Biz yumurta qiymətlərinin il boyu eyni qalmasını istəyirik. Həddindən artıq qazanc əldə etməyək, amma heyvanlarımızı qidalandırmaq və investisiya etmək üçün kifayət qədər mənfəət marjamız olmalıdır. Yumurtanın qiymət artımının birbaşa yemlə bağlı olduğunu düşünürəm. Bir yumurtanın qiyməti 200 qram yemdir.
Yumurtanın bazar qiymətləri çox önəmlidir. Münasib mənfəət marjı qoyan marketlərə təşəkkür edirik, lakin bazarda yumurtaları çox yüksək qiymətə görürük. Vətəndaşlarımız bilsinlər ki, 3 kodlu yumurta süfrəyə toxunulmaz gəlir. Yumurtanın qiymətinin düşməsi üçün bazarların mənfəət marjası nəzarət altında olmalıdır”.