8 Yanvar 2022 10:09
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın buğda ilə özünü təmin etməsi 57,10 faiz, idxaldan asılılıq səviyyəsi isə 42,90 faizdir.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb.

FAO-nun hesabatına əsasən, Azərbaycan Türkiyə və İsveçrədən sonra üçüncü yerdə qərarlaşıb.

Məlumdur ki, bu 57 faiz tək keyfiyyətli və qidaya yararlı ərzaq buğdası deyil, burada həm də yemlik buğda nəzərdə tutulur. Azərbaycan heyvandarlıq üçün (quşçuluq istisna) yemlik taxıl idxal etmir. Əgər 57 faiz hamısı ərzaqlıq olsaydı, o zaman yemlik buğda idxal etməli olacaqdıq.

İstehsal olunan buğdanın təxminən 30 faizi ərzaq üçün istifadə olunur. Təbii iqlim şəraiti və digər amillər yapışqanlıq dərəcəsi (kleykavina) yüksək ərzaqlıq buğda istehsalına imkan vermir. Çörəyin keyfiyyətli alınması bu maddədən çox asılıdır. Kleykavina göstəriciləri aşağı olduğuna görə ölkədə istehsal olunan buğda emala getmir, daha çox sənaye əhəmiyyətlidir və heyvandarlıq yeminə cəlb olunur.

Bəzi ekspertlər hesab edir ki, Azərbaycanı özündən daha pis özünütəmin səviyyəsinə malik ölkələrlə müqayisə etmək üçün adambaşına əkilə bilən torpaq həcmlərinə də diqqət yetirmək vacibdir. Azərbaycanda adambaşına əkilə bilən torpaq həcmi təxminən 0.2 hektardır. Bu göstərici Misirdə 7 dəfə, Cənubi Koreyada 7 dəfə, Yaponiyada 5,5 dəfə, Norveçdə 4,5 dəfə, İsraildə 4,5 dəfə, Niderlandda 3,2 dəfə, İtaliyada 2 dəfə Azərbaycandan aşağıdır.

O ölkələrdən xüsusilə ilk 4-lükdə olan ölkələr kənd təsərrüfatı torpaqlarının həcmi baxımından dünyanın ən yoxsul ölkələri hesab olunurlar. Azərbaycan ərazisinin 55%-i kənd təsərrüfatına yararlı torpaqlardır. Bu göstərici Misirdə cəmi 4%, Norveçdə cəmi 2,6%, Cənubi Koreyada 15%, Yaponiyada 11%, İsraildə 2,8% təşkil edir. Yəni əhali və torpaq strukturu, əkilə bilən torpaq resursları ilə təminat, eləcə də iqlim şərtləri baxımından çox fərqli ölkələrik.

Azərbaycan adambaşına düşən əkinə yararlı torpaq sahəsinə görə, dünyada aşağı yerlərdədir. Adambaşına 0,19 hektar əkinə yararlı torpaq düşür. Ümumi əkin balansında olan 1,7 milyon hektarın 1 milyon hektarında taxıl əkilir.

İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a ölkənin real vəziyyətini şərh edib.

O bildirib ki, bu sahədə Azərbaycanın əsas zəif tərəfi məhsuldarlığın çox aşağı olmasıdır: “Kifayət qədər böyük ərazilər məhz taxıl əkini üçün istifadə olunsa da, məhsuldarlıq aşağı həddədir. Demək olar ki, bu sahə rentabelli deyil və iqtisadi əlavə dəyərin yaradılmasında zəif inkişaf edir.

İkinci ən vacib problem odur ki, Azərbaycanda istehsal olunan taxıl daha çox digər məqsədlər üçün istifadəyə yararlıdır. Yəni ərzaq məhsullarının istehsalı üçün lazım olun un və taxıl tələbatının ödənilməsində yerli istehsal demək olar ki, iştirak etmir. Ölkəmizdə qeyri-ərzaq təyinatlı taxıl istehsalı daha geniş yayılıb. Çünki müasir texnologiyalar əsasında formalaşan avadanlıqlar, qida məhsulları istehsal edən fabriklər, qənnadı sənayesi yerli taxıldan istifadə edə bilmir. Həmin avadanlıqlar bu keyfiyyətdə unun istifadəsinə uyğun deyil.

Onlar daha müasir və yüksək keyfiyyətli məhsul üçün yaradılıb. Bir sözlə, Azərbaycan ərzaq buğdasına olan tələbatının ödənilməsində idxaldan yüksək səviyyədə asılıdır”.

Analitik deyir ki, quraqlıq, eləcədə qlobal iqlim dəyişməsi kimi amillər ölkədəki taxılçılığın inkişafına kifayət qədər təsir edir: “2021-ci ildə quraqlıq nəticəsində taxıl istehsalında ciddi azalma baş verdi. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Bunu hökumət özü də etiraf edir. Bu günə qədər su təsərrüfatı sisteminin qeyri-adekvat və səmərəsiz idarə edilməsi bu istiqamətdə yaranmış təzyiqi daha da dərinləşdirib. Taxılçılıq bu sahədə ən çox zərər görən seqmentlərdən hesab olunur.

İndiki şərtlər daxilində hökumət yeni sortların yetişdirilməsi, su təsərrüfat sisteminin effektiv şəkildə yenidən qurulması və təşkil edilməsi, işğaldan azad olunan ərazilərinin potensialının sürətlə istehsalata inteqrasiya edilməsi, eyni zamanda intensiv təsərrüfatçılıq modelinə keçid və məhsuldarlığın artırılması istiqamətində mövqe ortaya qoymalıdır”.

Maraqlıdır, taxıl strateji məhsul sırasından çıxa bilərmi?

Rəşad Həsənov qeyd edib ki, əsas istehsalçılar üçün taxıl hər zaman strateji məhsul olub: “Bunun müsbət tərəfi ondan ibarətdir ki, bərpaolunan prosesdir. Neft və digər bənzər resurslar tükənəndir, istifadə olunur və əvəzlənməsi mümkün deyil. Amma taxıl kimi məsullar ərzaq təhlükəsizliyi aspektindən bütün ölkələr üçün hər zaman strateji olub. Eyni zamanda bərpaolunan olduğu üçün bu sahə üzrə ixtisaslaşmış ölkələrin digər resurslarla zəngin ölkələrlə müqayisədə üstünlüyü daha yüksəkdir”.

Analitikin müşahidələrinə əsasən, Azərbaycanın ərzaq buğdasında idxaldan asılılığı ölkələr üzrə ildən ilə dəyişir: “Ölkəmizin 75%-dən 95%-ə qədər Rusiyadan asılılığı var. Amma Qazaxıstan, Ukrayna və Kanada alternativ taxıl idxalı bazarları hesab olunur. Rusiya bazarlarında yaranmış situasiyadan asılı olaraq digər bazarlara doğru da meyllənmə müşahidə olunur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər