10 Yanvar 2022 13:45
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə Vergi Məcəlləsinin təsdiq edilmiş yeni qaydaya əsasən, ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi istehlakçılara (alıcılara) geri qaytarılır. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir.

Hazırda fəaliyyət göstərən aptek və digər xidmət sektorları kifayət qədər böyük dövriyyəyə sahib olsalar da, bu qaydalara əməl edilmir.

Maraqlıdır, bu halda istehlakçı alış-veriş edərkən hansı məqama diqqət yetirməlidir?

İqtisadçı Natiq Cəfərli Teleqraf.com-a bildirib ki, ƏDV-nin geri qaytarılması proqramına dövriyyəsi böyük olan şəbəkə aptekləri də daxil edilib.

İqtisadçı deyir ki, bəzi əczaxanalar fiziki şəxs kimi fəaliyyət göstərir, yəni ƏDV ödəyicisi deyillər: “ƏDV ödəyicisi olmayan kiçik apteklərin ƏDV-ni geri qaytarma mexanizmi yoxdur. Dövriyyələri il ərzində 225 min manatdan aşağı olan əczaxanaların ƏDV-dən azad olmaları qanunvericilikdə öz əksini tapıb. Ona görə də fiziki şəxslərin adına rəsmiləşdirilən və VÖEN-lə fəaliyyət göstərən kiçik apteklərdə ƏDV-nin geri qaytarılması proqramında iştirak etməsi qanunvericiliyə görə mümkün olmur”.

Analitik hesab edir ki, ƏDV-nin geri qaytarılması proqramında bəzi problemlər var: “Bu nöqsanlar rəsmilər tərəfindən də etiraf olundu və bildirildi ki, bu sahədə yeniliklər olacaq. Ümumiyyətlə, ƏDV-nin geri qaytarılması proqramının məğzi ondan ibarətdir ki, insanları nağdsiz ödənişlərə təşviq etsinlər. Nağdsız ödənişlərin həcminin artması isə nəticə etibarilə ölkə iqtisadiyyatının ağardılmasına xidmət etməlidir.

Amma qanunvericilikdə ƏDV-nin geri qaytarılması qaydalarında nağd ödənişlərlə bağlı ayrıca bir qeyd var. Nağd ödəyəndə 10 faiz, nağdsız ödəyəndə isə 15 faiz ƏDV geri qaytarılmalıdır. Bu yanaşma doğru deyil, hesab edirəm ki, dəyişməlidir. Nağd ödənişlərdə ƏDV-ni ləğv edilib, nağdsız ödənişlərdə 15 faizdən 25-30 faizə qaldırmaq lazımdır ki, stimullaşma olsun”.

Ekspertin müşahidələrinə əsasən, daha çox şəbəkə apteklərindən alış-veriş edərkən ƏDV-nin geri qaytarılması mümkün olur: “Yəqin ki, vətəndaşlar da seçim edərkən bunu nəzərə alacaqlar. Amma ümumilikdə dərman sahəsində yeni bir qaydaların olmasına ehtiyac var. Nə qədər qəribə səslənsə də, qiymət kəskin artmasının səbəblərindən biri də elə dövlətin müdaxiləsidir. Belə ki, molekullara görə qiymətlərin tənzimlənməsi qaydası doğru qərar deyil. Bu, keyfiyyətsiz, ucuz molekullu dərmanların ölkə bazarına gəlməsinə və daha baha satılmasına səbəb olur. Bu sahədə də yeni yanaşmaya ehtiyac hiss olunur”.


Müəllif: Yeganə Oqtayqızı