Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, alternativ enerjinin inkişafı üçün də əhəmiyyətli bir potensialı var. Hazırda ölkəmizdə bu tendensiya üzrə işlərin genişləndirildiyi müşahidə olunur.
Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin təmin edilməsi sahəsində reallaşan layihələr, görülən işlər hələ 1994-cü ildə Heydər Əliyev tərəfindən təməlini qoyulan enerji siyasətinin davamı, yeni mərhələsidir.
Ötən gün Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməl qoyma mərasimi keçirildi.
Prezident İlham Əliyev çıxış edərək deyib ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir: “Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpa olunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik”.
Enerji sektoru üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının əhəmiyyətini şərh edib.
O bildirib ki, Azərbaycanın beynəlxalq çağırışlara cavab olaraq özünün enerji balansını şaxələndirir: “Bu məqsədilə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına geniş yer verməsi Azərbaycanın qarşıdakı illərdə enerji təhlükəsizliyinin təminat almasından xəbər verir. 2015-ci il Paris İqlim Sazişindən sonra yeni enerjiyə keçidlə bağlı müxtəlif dövlətlər öz qanunvericilikləri səviyyəsində çox iddialı qərarlılar qəbul etdilər. Hazırda müşahidə olunan odur ki, 2015-ci il Paris İqlim Sazişindən sonra dünya dövlətlərinin əksəriyyəti əsasən də enerji və nəqliyyat sektoru iddialı iqlim hədəflərinə doğru irəliləyir. Azərbaycan da Paris İqlim Sazişinə imza atıb və mərhələli şəkildə karbondioksit emissiyalarının azaldılması ilə bağlı öhdəliyi var. Bu hədəflər yeni texnologiyalara keçidi və alternativ və bərpa olunan enerji mənbələrinə keçdin sürətləndirir. Bu istiqamətdə atdığımız addımlar ölkəmizin beynəlxalq öhdəliklərə ciddi yanaşmasından xəbər verir. Bu baxımdan Azərbaycanın beynəlxalq çağırışlardan geri qala bilməzdi”.
Ekspert əlavə edib ki, Azərbaycan yeni enerji erasına keçidlə bağlı müxtəlif layihələrin icra edir: “Bundan əvvəl Azərbaycan Energetika Nazirliyi və BP Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıb. Bu layihənin ümumi dəyəri 200 milyon dollardır.
Azərbaycan Energetika Nazirliyi eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq edir.
Eyni zamanda alternativ və bərpa olunan enerji mənbələrinin aparıcı elementlərindən biri - hidrogen yanacağının gələcəkdə istehsalını şərtləndirmək üçün artıq Dövlət Neft Şirkətində ayrıca bir struktur yaradılıb. Bu qurum beynəlxalq təcrübəni araşdırır, yaşıl hidrogen yanacağının emalı sahəsində müasir texnologiyaya malik, ixtisaslaşmış şirkətlərlə danışıqlar aparır.
Sonuncu belə imzalanan layihələrdən biri Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında Xəzərin Azərbaycan sektorunda külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumudur. Bu layihənin investisiya dəyəri 300 milyon dollardır və 300 MVt gücündədir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan ənənəvi enerji mənbələrindən tədricən “yaşıl enerji”yə keçid edir. Bu, Azərbaycanın enerji kompleksinin şaxələndirilməsinə hesablanmış bir addımdır”.
Zəfər Vəliyev hesab edir ki, qarşıdakı illərdə Azərbaycanda yeni iş yerləri açılacaq, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin idarə edilməsi ilə bağlı yeni kadr potensial və yeni vərdişlər formalaşacaq: “Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı aparıcı sahələrdən biri də dəniz küləyi enerji parklarının formalaşmasıdır. Dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması ölkəmizin bu istiqamətdə gördüyü işləri sürətləndirir. Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrinə sürətli keçidlə bərabər, paralel olaraq özünün neft-qaz ehtiyatlarından səmərəli istifadə etməlidir. Yəni bir tərəfdə qənaət etməklə, digər tərəfdə ixrac imkanlarını artıra bilər. "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının ümumi elektrik enerjisi istehsalı təxminən 1 milyard kilovat/saatdır. Bu, kifayət qədər böyük bir rəqəmdir. Orta səviyyəli su elektrik stansiyasının istehsal etdiyi enerjiyə bərabərdir. Burada təxminən 220-250 milyon kubmetr təbii qaza da qənaət olunacaq. Bu həcmlər də ixracata yönəldilə bilər. Bütövlükdə Azərbaycanda yeni vərdişlər formalaşacaq”.