21 Yanvar 2022 13:57
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Düzdür, ötən ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub, amma inflyasiya və qiymət artımı qlobal xarakter daşıdığı üçün əlbəttə, Azərbaycan bu prosesdən sığortalana bilməzdi".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Deputatın sözlərinə görə, ən azından onu nəzərə almalıyıq ki, Azərbaycanın beynəlxalq ticari tərəfdaşları var və pandemiyadan doğan böhran, tələb-təklif arasında balansın pozulması, logistik xərclərin və enerji daşıyıcılarının bahalaşması kimi qlobal amillər təzyiqləri yüksəltmiş oldu. Bu isə öz növbəsində ölkəmizdə yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımını şərtləndirdi.

"Xüsusən, dünya bazarlarında taxılın qiymətində 45 faizdən çox artım ciddi təhdid hesab edilə bilərdi, lakin, ötən il Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq iri taxıl idxalçılarına Mərkəzi Bankın vəsaitləri hesabına aşağı faizli kreditlərin ayrılması, daxili bazarda un və un məmulatları üçün subsidiya məbləğinin artırılması, qeyd olunan məhsulların ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadılması bahalaşmanın təsirlərini xeyli dərəcədə neytrallaşdırdı.

Əlbəttə, problemin qlobal xarakteri istənilən halda ölkə bazarına təsirləri qaçılmaz etdi. Lakin bildiyiniz kimi dövlətimizin başçısının hökumətə müvafiq tapşırığı var və süni qiymət artımına imkan verməmək üçün qabaqlayıcı tədbirlər görülür. Ölkə üzrə unun satışı, çörəyin çəkisinə və qiymətinə nəzarət, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarına imkan verilməməsi məqsədilə gündəlik ciddi monitorinqlər aparılmaqdadır", - deyə B.Məhərrəmov diqqətə çatdırıb.

O qeyd edib ki, effektiv sosial müdafiəni nəzərdə tutan tədbirlər həyata keçirilir və bu tədbirlərin əhatə dairəsi də genişləndirilməkdədir. Habelə, ərzaq təhlükəsizliyinin təmin olunması üçün istər ölkə daxilində istər beynəlxalq çərçivədə çox ciddi addımlar atılır. Daxili istehsalın stimullaşdırılması, xüsusən, intensiv metodlarla kənd təsərrüfatının inkişafı, ələlxüsus, kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılmasının effekti şübhə doğurmur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər