“Rusiya Qərb münasibətlərinin gərginləşməsi rublun məzənnəsinə təsirsiz ötüşmür. Bir ay öncə 1 dollar almaq üçün 73.2 rubl ödəmək lazım idisə, indi bu rəqəm 77.7-dək dəyişib. Bu o deməkdir ki, Rusiya valyutası son 1 ayda 6 faizə yaxın dəyər itirib”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Moskva birjalarında hələlik ciddi volatillik müşahidə olunmasa da, şimal qonşumuzun valyuta bazarındakı proseslər birbaşa Vaşinqtonda qəbul olunan qərarlardan asılı olacaq: “Birləşmiş Ştatların Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etdiyi halda bu, rublun məzənnəsindəki zəifləmələri daha da sürətləndirəcək. Bununla belə, əgər tərəflər gərginliyi diplomatik yollarla həll edərsə, o halda rublun məzənnəsi mövcud intervalda dəyişəcək”.
Vüqar Bayramov bildirib ki, Rusiya Azərbaycanın 2.7 milyard dollarlıq qeyri-neft ixracatında ən böyük tərəfdaşıdır: “Neftdən kənar ümumi ixracatın 32 faizi şimal qonşumuzun payına düşür. Rublun məzənnəsinin zəifləməsi Azərbaycanın qeyri-neft məhsullarının şimal qonşumuzun bazarlarında bahalaşdıra bilər. Rubl daha böyük dəyər itirəcəyi halda bu, əksər MDB ölkələrinin valyutalarına psixoloji təsir göstərəcək.
Moskva birjalarında Vaşinqtondan gələcək xəbərləri izləyirlər. Ağ Evdə isə hələlik sakitlikdir”.