Yüksək texnologiyalı gəmilərlə karbohidrogen axtarış fəaliyyətlərini fasiləsiz davam etdirən Türkiyə Qara dənizdə kəşf etdiyi 540 milyard kubmetr təbii qazın 2023-cü ildə ev təsərrüfatlarına çatdırılması üçün səylərini davam etdirir.
Teleqraf.com xəbər verir ki, 540 milyard kubmetr təbii qazın kəşf edildiyi Sakarya qaz yatağında indiyə qədər “Tuna-1” quyusunda qazma işləri tamamlanıb.
Fevralda Sakarya qaz yatağının cənub-qərbində yeni qazma işləri aparılacaq.
Sakarya qaz yatağında 40 istismar quyusu qazılacaq. İlk 10 quyu ilə birlikdə hasilat həyata keçiriləcək. Birinci mərhələdə 10 quyudan sutkada 10 milyon kubmetr təbii qaz alınacaq. Beləliklə, gündəlik ümumi təbii qaz hasilatı 100 milyon kubmetr olacaq. İki aydan bir yeni quyular qazılacaq.
Qeyd edək ki, Fatih qazma gəmisi 20 iyul 2020-ci ildə başladığı “Tuna-1” quyusunun qazılması zamanı 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edib. Həmin ilin oktyabrın 17-də “Tuna-1” məntəqəsində aparılan axtarışlar zamanı daha 85 milyard kubmetr təbii qaz ehtiyatı tapılıb.
Sözügedən bölgədə ən son “Amasra-1” quyusunda 135 milyard kubmetr təbii qazın aşkarlanması ilə ümumi qazın həcmi 540 milyard kubmetr səviyyəsinə çatıb.