26 Yanvar 16:55
457

Rusiya Prezidenti Vladimir Putin Avropanın hazırkı enerji böhranının tədarük çatışmazlığından deyil, problemli siyasətdən qaynaqlandığını bəyan etdikdən sonra Avropa İttifaqı (Aİ) Rusiya təbii qazına alternativ axtarmağa başlayıb.

Aİ-nın enerji məsələləri üzrə komissarı Kadri Simson qlobal təbii qaz qiymətlərinin son aylarda tarixi zirvələrə çatdığını və bunun Avropadakı enerji qiymətlərinə böyük təsir göstərdiyini deyib: “Aİ daxilində istehlakçılar və müəssisələr bu fakturaları ödəməkdə çətinlik çəkirlər. Qısamüddətli perspektivdə biz geosiyasi gərginliklərlə daha da kəskinləşən qeyri-adi yüksək enerji qiymətləri ilə üzləşirik. Aİ-da təbii qaz anbar səviyyələri ilin bu vaxtında normadan əhəmiyyətli dərəcədə aşağıdır”.

Simson tərəfdaş ölkələrlə Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etdiklərini vurğulayıb: “Fevralın 4-də Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizi nazirlərinin görüşündə, fevralın 7-də isə Aİ-ABŞ Enerji Şurasında bu danışıqları davam etdirəcəyik”.

Qeyd edək ki, təbii qaza olan tələbatının 90 faizini idxal edən Avropada ötən il bu məhsulun qiyməti təxminən 6 dəfə artıb. Avropa təbii qazın yarısını Rusiyadan, qalan hissəsini isə əsasən Norveç və Əlcəzairdən alır.

Ekspertlər enerji nəqli baxımından Azərbaycanın strateji mövqeyinin Avropa İttifaqı üçün əhəmiyyət kəsb etdiyi qənaətindədir.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, Avropanın qaz təminatında Rusiyanın “Qazprom” şirkətinin malik olduğu pay çox yüksəkdir.

O bildirib ki, “Qazprom” ildə ortalama Avropa bazarlarına 180 milyard kubmetrə yaxın metan tərkibli təbii qaz ixrac edir: “İndiki şəraitdə belə böyük həcmdə təbii qazı əvəzləmək çox çətindir. Hollandiyanın qaz satış platformasında təbii qazın 1 000 kubmetrinin qiyməti 1 100 dolları keçib. Bu, spot bazarları əhatə edən qiymətdir. Artıq Avropanın yeraltı qaz anbarlarında faktiki qaz həcmləri azalmaqda davam edir. Havanın bir az da sərt keçəcəyi təqdirdə Avropanın qaz təminatında müəyyən problemlər yarana bilər.

Son dövrlər qaz qiymətlərini bir neçə faktor müəyyən edir. Tələb təklif balansında yaranmış boşluq, yəni artan tələbat qarşılığında təklifin az olması. Məsələn, 2021-ci ildə Avropanın qaz bazarında olan tələbatı 2020-ci illə müqayisədə 150 milyard kubmetrdən yuxarı artıb. Bu, çox böyük göstəricidir və bunu qarşılamaq çətindir.

Avropada 100-dən çox yeraltı qaz anbarları var, amma bu anbarlar 2021-ci ilin yaz-yay mövsümündə lazımi tədarük həcmlərini ala bilmədi. Çünki həm istilik, həm də su-elektrik stansiyalarının faydalı iş əmsalı kifayət qədər aşağı idi. Eyni zamanda alternativ və bərpa olunan enerji mənbələri bu sahə ilə bağlı gözləntiləri doğrultmadı. Buna görə Avropanın qaz balansında 20 milyard kubmetrə qədər kəsir yarandı”.

Ekspert deyir ki, geosiayasi faktorlar qazın qiymətinə təsir edən amillərdəndir: “Son məlumatlara görə, Ukrayna sərhədində 20 mindən yuxarı rus ordusu toplaşıb. Əgər Ukrayna ilə Rusiya arasındakı münaqişə bir az da dərinləşsə, Rusiyaya sanksiyalar tətbiq oluna bilər. İran kimi Rusiya banklarının da SWIFT-ə (məlumat mübadiləsi və banklararası ödəniş sistemi) daxil olmasına, o cümlədən enerji şirkətlərinə ciddi məhdudiyyətlər və sanksiyalar qoyula bilər. Bu da qiymətlərin görünməmiş dərəcədə artmasına səbəb ola bilər”.

Azərbaycanın qaz həcmləri Avropanı təmin etməyə imkan verirmi?

Zəfər Vəliyevə görə, Azərbaycanın Avropanın qaz təminatını tam qarşılamaq imkanları çox zəifdir: “Ötən il TANAP üzərindən Avropa bazarlarına 8 milyard kubmetrdən yuxarı qaz nəql olunub. TANAP-ın ötürücülük gücünü iki dəfə artırmaqla bu həcmi 16-20 milyard kubmetrə qaldırmaq olar. Bu da kəmərin keçdiyi xətt üzərində əlavə qaz kompressor stansiyalarının quraşdırılmasından sonra baş verə bilər.

Amma bütövlükdə Azərbaycan qazı Avropanın təbii qaza olan tələbatını qarşılamaqda gücü yoxdur. Ölkəmiz Avropa bazarlarına böyük həcmlərdə qaz təqdim edə bilməz. Azərbaycanın təqdim edəcəyi qaz həcmləri Yunanıstan, Macarıstan, Almaniya, İtaliya kimi istehlakçı ölkələrin liberal qaz bazarlarının formalaşmasına stimul yaradır. Eyni zamanda bu ölkələrdə sabit qiymət müəyyənləşdirir.

Hesab edirəm ki, Avropada təbii qaz qiymətlərini ajiotajla qaldırırlar ki, kritik dönəm başlasın. Amma belə deyil. Avropada yeraltı qaz anbarlarında aktiv qazdan əlavə 120 milyard kubmetr bufer qaz var. Anbarların xüsusiyyətlərindən asılı olaraq həm qaz nəql sistemində sabit təzyiqin saxlanmasında, həm də bu anbarların funksional idarə edilməsində bufer qazın mövcudluğu olduqca vacibdir. Ən kritik məqamda, yəni aktiv qaz bufer qaza yaxınlaşarsa, bu zaman bufer qazın 10 faizini istifadə etmək olar. Bu, son anda Avropanın enerji təhlükəsizliyini təhdid altına almayacaq. Artıq Avropanın enerji bazarlarına müxtəlif istiqamətlərdən daş kömür də daxil olur. Buna görə də düşünürəm ki, elə də ciddi problem olmayacaq.

Amma Azərbaycan Cənub Qaz Dəhlizinin keçdiyi ərazilərdə əlavə qaz həcmlərini təqdim edə bilər. Bu gün TAP-ın icraçı direktoru bəyan etdi ki, əlavə sifarişlər verilərsə, 2022-ci ilin oktyabr ayından başlayaraq bazara əlavə tədarük həcmlərinin təqdim etməyə hazırıq”.


Müəllif: Yeganə Oqtayqızı