3 Fevral 2022 13:17
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda COVID-19-un omikron variantına yoluxma sayı 6 minlik psixoloji həddi keçdi. Omikron virusunun yoluxma tezliyini nəzərə alsaq bu, gözlənilən idi”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Deputat son günlər qonşu ölkələrdə də yoluxma sayında ciddi artım müşahidə olunduğunu qeyd edib: “Dünən Rusiyada 141 min 883, Türkiyədə 110 min 682, Gürcüstanda 26 min 320 nəfər virusa yoluxub. ABŞ və Fransada isə gündəlik yoluxma sayı 300 mindən çoxdur. Bütövlükdə, dünən dünyada 3 milyondan çox insanda virus aşkarlanıb.

Göründüyü kimi, əksər ölkələrdə yoluxma sayları rekord səviyyədədir. Buna rəğmən, artıq bir sıra ölkələr karantin rejiminin ləğv edilməsi və ya tamamən yumşaldılması kimi qərarlar qəbul edirlər. Bu isə ondan xəbər verir ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr “lock down” qərarlarının qəbulunda ehtiyatlıdırlar”.

Vüqar Bayramov hesab edir ki, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir: "Omikron virusunun yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Xidmət, ictimai iaşə və turizm kimi sektorlarda aktivlik artıq bərpa olunur və 2022-ci ildə daha geniş dövriyyə hədəflənir.

Bu baxımdan, sərt karantın tədbirlərinin tətbiqi deyil, hər birimizin virusdan qorunmaqla bağlı qaydalara tam əməl etməyimiz daha azruolunandır. Sərt karantin iqtisadi aktivliyi məhdudlaşdırdığı üçün məqsədəuyğun hesab olunmur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər