7 May 2014 10:21
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük Komitəsi Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbir keçirdi

Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən komitə sədri Aydın Əliyev bildirib ki, Azərbaycanda gömrük xidmətinin təşkilində Heydər Əliyevin rolu danılmazdır:

“Bir neçə gündən sonra nəinki Azərbaycan xalqı, eləcə də bütün türk dünyası və Azərbaycanı sevənlər ulu öndər Heydər Əliyevin 91 illiyini qeyd edəcək. On ildən çoxdur biz də bu tədbirlərə qatılırıq, 1998-ci ildən isə gömrük orqanlarına qəbul olmuş gənc əməkdaşlar üçün mayın 10-u andiçmə günü kimi qeyd edilir. Bu il də mayın 10-da Gömrük Akademiyasının məzunlarının andiçmə mərasimi baş tutacaq. Bundan başqa, Heydər Əliyevin doğum gününün 91 illiyində onunla eyni bir dövrdə işləmiş və ulu öndərin yanında çalışmış insanlarla görüşlər təşkil olunacaq”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Heydər Əliyevin dövlətçilik baxışlarının, strategiyasının milli dövlətçilik məktəbinin əsas fəlsəfəsi olduğunu bildirib:

“Azərbaycançılıq onun siyasətinin ana xəttini təşkil edib. Bu xətt dövlət ideologiyası olaraq onun həyat fəlsəfəsini özündə birləşdirib. Hələ sovet rejimində onun milli kadrları irəli çəkməsi bu gün müstəqil Azərbaycanın suverenliyinə böyük töhfələr verdi".

İsa Həbibbəylinin sözlərinə görə, Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan tarixinin görkəmli şəxslərinə ciddi diqqət göstərilib: “Ziya Bünyadova dövlət mükafatı verildi. Bəxtiyar Vahabzadəyə “Gülüstan” poemasına görə, Mirzə İbrahimova isə Azərbaycan dilinin təbliğinə görə təzyiqlər edilirdi. Heydər Əliyev onların himayədarına çevrildi. Heydər Əliyevin etdikləri əslində Azərbaycanın bu günkü müstəqilliyi naminə idi. Bu tarixi şəxsiyyət üç tarixi epoxada – sovet rejimi dövründə, keçid prosesləri dönəmində və müstəqillik mərhələlərində yaşamasına baxmayaraq, bütün maneələri aşaraq həyatını Azərbaycançılıq ideyalarına həsr etdi. Bu gün Heydər Əliyev fenomen bir şəxsiyyət kimi nəinki Azərbaycanda, bütün dünyada qəbul olunur və sevilir”.

Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu və banisi olduğunu deyən İsa Həbibbəyli xatırladıb ki, o, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və bütün dünyada daha da yaxından tanınması üçün misilsiz işlər görüb: “Dünyanın tanınmış siyasi liderləri olan Eduard Şevarnadze, Süleyman Dəmirəl, Bill Klinton, Vladimir Putin və digərlərinin Heydər Əliyev haqqında gözəl sözlər deyib, onunla bağlı deyimləri var. Dünyada elə bir siyasi lider olmayıb ki, Heydər Əliyevi bir çox hallarda örnək olaraq misal çəkməsin”.

İsa Həbibbəyli bu günkü Azərbaycan gömrük sisteminin yaranmasında da Heydər Əliyevin əvəzsiz əməyinin olduğunu xatırladıb.

Tədbirin sonunda prezident İlham Əliyevin sərəncamı ilə gömrük sahəsində fərqlənən gömrük işçilərinə verilmiş diplom və fərmanlar öz sahiblərinə təqdim olunub.

Naibə QURBANOVA


Müəllif: