23 Fevral 2022 14:28
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın ən əhəmmiyyətli layihələrindən biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) ilə 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı 14,5 milyard kubmetrə, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatıb”.

Teleqraf.com xəbər verir ki, bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) 2018-ci il iyunun 30-da başlayan kommersiya istismarı fəaliyyətində 3 ildən artıq bir dövrü uğurla başa vurub: “TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən qazı Türkiyə sərhədləri daxilində 20 şəhər, 67 rayon və 600 kənddən keçərək Ədirnənin İpsala rayonunda Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya çatdırır. İki ölkənin enerji sahəsində brendləşməsinə böyük töhfələr verən TANAP ilə istismara verildiyi tarixdən 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın ümumi həcmi 14,5 milyard kubmetrə, Avropaya verilən qazın həcmi 9 milyard kubmetrə çatıb.

Cənub Qaz Dəhlizinin ən əhəmmiyyətli həlqəsi olan TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına töhfə verməklə yanaşı, Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırdı”.

Azərbaycan və Türkiyənin qitələrarası enerji əməkdaşlığı səyahəti

Saltuk Düzyol onu da vurğulayıb ki, iki qardaş ölkə olan Türkiyə və Azərbaycan arasında qırılmaz əlaqələrin rəmzi olan TANAP-la Azərbaycan qazı tarixdə ilk dəfə birbaşa bazarlara çıxır:

“Enerji sektorunda yeni imkanlar ortaya qoyan layihəmizlə ölkələrimizin bir çox sahələrdə inkişafına töhfə veririk. Şahdəniz-2 yatağından səyahətinə başlayan təbii qaz koronavirus pandemiyasının yaratdığı şəraitdən təsirlənmədən 100% səmərəliliklə nəqlini davam etdirir. Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun (1850 km) və ən böyük diametrli təbii qaz boru kəməri olan TANAP-ın ilk gündən başlayaraq gələcəyə qədər uzanan uğurlarını izləməkdən qürur duyuruq”.

“TANAP hər sahədə əlavə dəyər təklif edən bir layihədir”

Saltuk Düzyol qeyd edib ki, TANAP layihəsinin icrası zamanı yaratdığı yeni iş və məşğulluq imkanları ilə Türkiyə iqtisadiyyatına mühüm töhfələr verib: “Layihədə boru kəməri marşrutunun keçdiyi 20 şəhərdə investisiya dövründə təxminən 13 min nəfərə birbaşa və dolayı məşğulluq imkanları təmin edilib.

Bundan əlavə, marşrut üzərində olan şəhər və rayonlarda bir çox sənaye və ticarət müəssisələri, xüsusilə kiçik və orta sahibkarlıq müəssisələri üçün yeni iş həcmi yaradılıb, həyata keçirilən sosial və ekoloji investisiya proqramları vasitəsilə yerli əhaliyə davamlı iqtisadi, sosial, ekoloji və mədəni faydalar təmin edilib. Bu çərçivədə 20 şəhər, 67 rayon və 600 kənddə dəqiqliklə müəyyən edilmiş 1000-dən çox layihəyə maliyyə dəstəyi verilib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər