24 Fevral 13:37
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Rusiya arasında siyasi gərginliyin davam etdiyi bir zamanda dünya bazarında neftin qiyməti 3 faizdən çox artıb. Bu günə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 3,30 faiz bahalaşaraq, 1 bareli 1000,04 ABŞ dollarına satılıb. Daha sonra cüzi ucuzlaşaraq 99,21 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti 3,34 faiz artıb və 1 bareli 95,18 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti də 0,12 ABŞ dolları, yaxud 0,12 faiz artaraq 100,80 ABŞ dollarına çatıb.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, yanvardan başlayaraq neft qiymətlərində sıçrayışların olmasında həm fundamental faktorlar, həm də Ukrayna ətrafında yaranan geosiyasi gərginlik rol oynayıb.

Ekspert hesab edir ki, Ukraynada geosiyasi gərginlik olmasaydı belə, bu il neft qiymətlərində artım müşahidə ediləcəkdi: “Ötən il neft qiymətləri 68-75 dollar dəhlizində dəyişirdisə, bazar iştirakçıları cari ildən neft qiymətinin 78-82 dollar arasında dəyişəcəyini proqnozlaşdırırdılar. Bu ehtimalı da bazarın fundamental və texniki analizi ilə əsaslandırırdılar. Yəni artıq geosiyasi faktorlar bir kənara qoyulur. Müşahidələr onu göstərdi ki, Ukrayna ətrafında baş verən hadisələr neft qiymətlərinə təxminən 10-12 dollar təsir edib.

4-5 il bundan öncə geosiyasi faktorlar “Brent” markalı neftin hər barelində maksimum 6 dollar təsir edə bilirdi. Lakin indi bazar tənzimləndiyinə görə, neft qiymətlərinə 10-12 dollar əlavələr olunub.

Bazar iştirakçılarının digər bir narahatçılığı da sərbəst hasilat güclərinin məhdudluğu ilə bağlıdır. Yanvar ayında dünyada sutkalıq neftə olan tələbat 98.7 milyon barel olub. Bu, pandemiyadan əvvəlki göstəricilərə yaxındır. 2019-cu ildə qlobal neftə olan tələbat ortalama 99.9 milyon barel olub. Artıq fevral ayında neftə olan tələbat pandemiyadan əvvəlki göstəriciyə yaxınlaşır. Bu onu deməyə əsas verir ki, hətta Ukrayna ətrafında vəziyyət gərgin olmasa belə, neft qiymətlərində bundan sonra da artımlar davam edəcək. Çünki tələbat olduqca yüksəkdir.

Əgər Ukrayna ətrafındakı gərginlik bir az da davam etsə, o zaman Avropanın, BMT-nin və ABŞ-ın Rusiyaya hansısa məhdudiyyətləri ola bilər. Artıq Yaponiya, Cənubi Koreya Rusiya neftinə alternativ mənbələr axtarışındadırlar. Məlumdur ki, 2014-cü ildə Ukraynaya aid olan Krım Rusiya tərəfindən anneksiyaya uğrayaraq Rusiyanın tərkibində “Krım Muxtar Respublikası”na çevrildi. Bu hadisədən sonra Rusiya öz ixrac güclərinin bir hissəsini şərqə doğru dəyişdi. Rusiyanın qərb periferiyasından Avropaya istiqamətlənmiş sutkalıq ixrac gücü təxminən 1 milyon barel olan “Drujba” neft kəməri keçir. Bundan əlavə, Qara dəniz limanındakı Novorosiysk terminalından, eyni zamanda Baltik dənizində iki terminal üzərindən Avropa ölkələrinə “Urals” markalı neftin ixracı təşkil olunur. İndiki gərgin vəziyyətdə bu terminalların faydalı iş əmsalı aşağı düşərsə, həmçinin “Drujba” neft kəmərinin fəaliyyətində məhdudiyyətlər yaranarsa, təbii ki, qiymətlərdə sıçrayışlar olacaq. Çünki Avropadakı mövcud neft emalı zavodlarının konfiqurasiyası məhz Rusiyanın “Urals” markalı neftinə hesablanıb”.

Analitik deyir ki, ABŞ-ın emal güclərində ağır və orta ağır neftə olduqca böyük tələbat yaranıb: “Məlumdur ki, Venesuelaya tətbiq olunan sanksiyalar ABŞ-ın aktivində olan emal güclərinin mütəmadi ağır neftlə yüklənməsini təhdid altına aldı. Buna görə də son bir neçə ildir ABŞ Rusiyadan həm xam neft, həm də mazut idxalını artırıb. Keçən il Lukoil ABŞ-a 1 milyon tondan yuxarı yüksək kükürdlü mazut ixrac edib. Eyni zamanda Avropadakı emal güclərinin böyük əksəriyyəti Rusiyadan xam neftlə yanaşı, qazoil də idxal edirlər. Rusiya neftinin həm Avropadakı, həm də ABŞ-dakı emal güclərində xüsusi çəkisi var”.

Rusiyaya sanksiya tətbiq olunarsa, Avropanın təbii qaz təchizatı hansı mənbələr hesabına qarşılana bilər?

Zəfər Vəliyev hazırda təbii qazla bağlı ciddi məhdudiyyətin olmadığını bildirib: “Avropanın və ABŞ-ın rəsmi dövlət nümayəndələri bəyan etdi ki, Rusiyanın enerji daşıyıcılarına və banklarının SWIFT sistemindəki fəaliyyətinə ciddi məhdudiyyət qoyulmayacaq, amma digər sanksiya növlərinin işə düşəcəyi ehtimalı var. Bu o deməkdir ki, qarşıdakı aylarda Rusiyanın təbii qazının ixracın da məhdudiyyət qoyulmayacaq.

Rusiya şimali-qərbi Avropa ölkələrinə 75 milyard kubmetr, Baltikyanı dövlətlərə 55 milyard kubmetr, cənubi və mərkəzi Avropa ölkələrinə 25 milyard kubmetr, Türkiyəyə isə 27 milyard kubmetr qaz ixrac edib. Bu o deməkdir ki, Avropanın şimal-qərbi, eyni zamanda şərqi Avropa ölkələrinin qaz nəql sistemlərinin konfiqurasiyası “Qazprom”un ixrac güclərinə istiqamət alıb. Yəni, “Şimal axını-2” layihəsinə, Ukrayna üzərindən keçən qaz nəql sisteminə, eyni zamanda Belarusiya, Polşa üzərindən keçən “Yamal-Avropa” təbii qaz kəmərinə, “Türk axını-2” layihəsi isə Balkanlar üzərindən Avropaya yön alan ixrac gücləridir”.

Müsahibimizin sözlərinə görə, Rusiyaya qarşı ağır sanksiyaların tətbiq olunma ehtimalı enerji bazarında qeyri-sabitlik yaradıb: “Əgər Rusiya qazının alternativi yoxdur desək, səhv etmiş olaraq. Çünki son hadisələr göstərdi ki, Rusiya “Şimal axını-2” layihəsi ətrafında baş verən hadisələrlə bağlı Avropaya lazım olan qaz həcmlərinin tədarükündən imtina edir. Hər dəfə “Şimal axını-2” layihəsi ilə bağlı şərt qoyur. Bu isə Avropanın enerji təhlükəsizliyi arxitekturasına ziddir. Qaz tədarükü ilə bağlı Avropa Komissiyasının üç enerji paketi var. Rusiyanın iddiaları komissiyanın bu sənədinə ziddir. Hesab edirəm ki, alternativlər var.

Ötən ilin dekabr ayından bu ilin fevralın birinci ongünlüyünə kimi Avropanın mayeləşmiş təbii qaz qəbulu terminallarına kifayət qədər LNG həcmləri daxil olub. Bu həcmlərin də üçdə ikisi ABŞ-a məxsusdur. 2021-ci ilin dekabr ayında Avropanın LNG terminallarına 7.7 milyard kubmetr, yanvarda 11 milyard kubmetr, fevralda isə 8.5 milyard kubmetr təbii qaz daxil olub. Avropanın yeraltı qaz anbarlarında kifayət qədər aktiv qaz həcmləri mövcuddur. Çünki LNG tədarükü artdıqca yeraltı qaz anbarlarındakı aktiv qazlara bir o qədər də toxunulmur. Avropanın yeraltı qaz anbarlarında təxminən 35 milyard kubmetr aktiv qaz həcmləri mövcuddur. Ötən ilin noyabrın 1-də Avropanın yeraltı qaz anbarlarında aktiv qaz həcmləri təxminən 78 milyard kubmetrdən yuxarı idi. Mütəxəssislər hesab edirlər mart ayına qədər anbarlardakı aktiv qaz həcmləri təxminən 20 milyard kubmetrdən yuxarı olacaq. Bu da mövsümü normal keçirməyə şərait yaradacaq”.


Müəllif: Yeganə Oqtayqızı