Vahid Məhərrəmov: “Dövlət əhalinin həyat şəraitini yaxşılaşdırılmaq üçün böyük dəstək göstərir”
Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək, heyvandarlığın inkişafına əlavə dəstək vermək üçün sərəncam imzalayıb. Sərəncama görə, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə bu məqsədlə 18 milyon manat vəsait ayrılıb. 8 milyon manat kənd təsərrüfatı texnikasının təminatı, 10 milyon manat isə xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, ərzaq təhlükəsizliyinin təminatını artırmaq, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasından ötrü son illər müvafiq qərarlar verilir. Bütün bu addımlar ona görə atılır ki, məhsuldarlıq artsın, istehsalçı da, istehlakçı da buradan qazanmış olsun.
“Bu, müəyyənləşməlidir”
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyi yaranmış imkandan bəhrələnmək üçün qısa müddətdə araşdırma aparıb, yerlərdəki vəziyyəti öyrənməlidir: “Əvvəlcə kənd təsərrüfatının inkişafı üçün hansı sahəyə önəm verilməsi müəyyənləşməlidir. Yerlərdə hansı texnikaya, avadanlığa, yaxud məhsul istehsalı üçün hansı gübrəyə və ya istehsal vasitələrinə ehtiyacın olması araşdırılmalıdır. Bu vəsaitlər dövlət büdcəsindən ayrılır. Bu vəsaitin səmərəliliyini təmin etmək üçün ciddi əsaslandırma olmalıdır. Yaxşı olardı ki, bu sualların cavabı ictimaiyyətə açıqlansın”.
“İnək gətirilib, bəs südü hanı?”
V.Məhərrəmov bildirdi ki, dövlətin bu sahəyə qayğısı, dəstəyi əhalinin ərzaq təhlükəsizliyini təmin etmək, kənddə işsizliyin aradan qaldırılmasına nail olmaq, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə edilir: “Əgər 2009-2013-cü illər ərzində ölkəyə 10590 baş iribuynuzlu mal-qara gətirilibsə, bu, süd istehsalının artımında da özünü göstərməli idi. Avropa ölkələrində mal-qaranın hər biri ildə 10 ton süd verir. 10 min baş mal-qara ildə 10 ton süd verirsə, bu, 100 min ton edir. Rəqəmlər paradoks təşkil edir. Digər tərəfdən, bu heyvanların qida rasionu tamamilə fərqlidir. Yerli şəraitə uyğunlaşmış mal-qaradan fərqli olaraq onlar daha keyfiyyətli qidalanmalıdır ki, qidanı məhsula çevirə bilsin. Onlar xüsusi qayğı tələb edən, xəstəliklərə olduqca həssas canlılardır. Ona görə də bu heyvanlara xidmət göstərən personal, kəndli xüsusi kurs keçməlidir. Dövlət bu sahəyə ona görə qayğı göstərir ki, ölkənin ərzaq təhlükəsizliyini təmin etsin, işsizliyin aradan qaldırılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına nail olsun. Bunun üçün xərclənən hər bir manat dövlətə səmərə verməlidir. Ayrılmış vəsaitin səmərəliliyini təşkil etmək üçün Azərbaycan mühitinə nisbətən uyğun mal-qara gətirilməlidir ki, həmin mal-qara daha tez və asan adaptasiya olunsun”.
“Bu heyvanlar Azərbaycan mühitinə uyğundur”
Mütəxəssis hesab edir ki, bu baxımdan, ən əlverişli yer bizə qonşu olan Türkiyədir: “Azərbaycan mühitinə uyğun Türkiyədən damazlıq heyvanların gətirilməsi məqsəduyğundur. Türkiyədə yetişdirilən cins mal-qaralar bizim regiona, rayonlara, daha tez adaptasiya olunar. Bu, həm də Avropadan - Almaniyadan, Avstriyadan gətirilən cins mal-qaraya nisbətdə iki dəfə ucuz başa gələr. Həmin mal-qaranı gətirən tenderlərdə qalib olan şirkətin adı açıqlanmır. Bu şirkətlər hansı şərtlər daxilində ölkəyə mal-qara idxal edir? İdxal olunan mal-qaraya nəzarət necə təmin olunur? Ölkədə yayılan nodulyar dermatit, brusellyoz, dabaq, qarayara xəstəliklərinin ildən-ilə artmasına səbəb nədir? Dövlət Baytarlıq Xidmətinin işçiləri daha çox və tez-tez ərzaq mağazalarında görünür, halbuki onlar daha çox yerlərdə, fermalarda, kəndlərdə, örüş sahələrində nəzarət sistemini gücləndirməlidir”.
“Buğdanı da korlayır, özünü də”
V.Məhərrəmov dedi ki, ölkəyə gətirilən texnika ilə bağlı da ciddi araşdırmaya ehtiyac var: “10 ildən çoxdur ki, Azərbaycana kombaynlar gətirilir. Burada da rəqəmlər paradoks təşkil etsə də, Statistika Komitəsində kombayn sayı 1700-2000 idi, amma Kənd Təsərrüfatı Nazirliyi deyirdi, bu rəqəm üç mindir. Çox qəribədir ki, çəltik üçün nəzərdə tutulan kombaynların Azərbaycana gətirilməsi bu il də nəzərdə tutulub. Hansı ki, bu kombaynlar əvvəllər ölkəyə gətirilərək buğda biçinində istifadə olunurdu. Fermerlər şikayətlənirdilər ki, həmin kombaynlar buğdanın əmtəə görünüşünü korlayır, buğda biçini üçün yararlı olmadığına görə həm də tez sıradan çıxır. Biz yerlərdə oluruq. Şəkidə, Yevlaxda çəltikbiçən kombaynların sayı buğda biçən kombaynlarda çox idi. Digər tərəfdən, əkin sahələri azaldığına görə ölkəyə gətirilən texnikanın təyinatı müəyyənləşməlidir. Vaxtilə Yaponların Azərbaycan fermerlərinə hədiyyə verdiyi kombaynlar, təəssüf ki, fermerlərə satıldı. Odur ki, gətirilən texnika və texnologiyaya nəzarət də vacibdir”.
Sevil Hilalqızı